1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Dünyanın ən tanınmış fiziki Albert Eynşteynin ABŞ-nin 32-ci prezidenti Franklin Ruzveltə (prezidentlik illəri 1933-1945) məktubu "Christie's" hərracında 3.992 milyon dollara satılıb.
Oxu.Az-ın verdiyi məlumata görə, müvafiq məlumat hərrac evinin saytında dərc edilib.
Qeyd olunub ki, əvvəlcə sənəd 4-6 milyon dollar dəyərində qiymətləndirilirdi.
Məlumata görə, 2 avqust 1939-cu il tarixli məktubda alim nasist Almaniyasının nüvə proqramı üzərində işlədiyi barədə yazıb. O, almanların son dərəcə güclü bombalar yaratmağa cəhd edə biləcəyini ehtimal edib.
Məktub Eynşteynin ABŞ prezidentinə müraciətinin orijinal variantıdır - alim onu alman dilində diktə edib. Daha sonra Eynşteynin tələbəsi, macar fiziki Leo Silard onu ingilis dilinə tərcümə edib və məktubun genişləndirilmiş versiyasını hazırlayaraq Ruzveltə göndərib.

Bu versiya 1945-ci ildən Nyu-Yorkda Franklin Ruzvelt adına kitabxanada saxlanılır.
Fizik tərəfindən imzalanan və Silard tərəfindən saxlanılan məktubun qısa versiyası kolleksionerin əlinə düşüb, sənədin son sahibi "Microsoft"un 2018-ci ildə vəfat etmiş həmtəsisçisi Pol Allen olub.



