AZ

Əməkhaqqı, şagird məsuliyyətsizliyi, yoxsa... – Kişilər niyə müəllimlikdən UZAQ DÜŞDÜLƏR?

“Bu gün bəlkə də, təhsillə bağlı ən çox müzakirə olunan, mübahisə və polemikalara səbəb olan, bir sözlə, heç də hamı tərəfindən birmənalı qarşılanmayan məsələlərdən biri də məktəblərdə kişi müəllimlərinin sayının kəskin şəkildə azalmasıdır. Bu da təbiidir. Çünki çoxları hesab edir ki, kişilərin müəllimliyə marağının azalması bu sahədə gender bərabərliyinə də müəyyən dərəcədə öz təsirini göstərir. Kişi və qadın müəllimlər arasındakı say fərqi isə özünü çox ciddi şəkildə göstərir”.

Bunu Bizim.Media-ya açıqlamasında təhsil üzrə ekspert Nadir İsrafilov deyib. O bildirib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin son məlumatına əsasən hazırda ümumi təhsil müəssisələrində çalışan 134 min 396 müəllimdən 114 min 466 nəfəri qadın, 19 min 930 nəfəri isə kişidir.


Bu da gender nisbətində 80-82 faizlik fərq deməkdir...

“Məsələni bir az da konkretləşdirsək, belə qənaətə gələ bilərik ki, təhsilimizdə yaranmış belə bir vəziyyət nə dünənin, nə də bu günün məsələsi olmayıb, uzun illərdən bəri müzakirə və mübahisə obyektinə çevrilmiş bir məsələdir. Yəni, neçə illərdən bəridir ki, kişi müəllimlərin sayının durmadan azalması müzakirə edilir”.

Əsas səbəb əmək haqqıdır

Müsahibimiz hesab edir ki, məsələnin ciddiliyi bir də ondadır ki, müzakirələrə qoşulan təhsil mütəxəssisləri, psixoloqlar, sosioloqlar, politoloqlar, həttə millət vəkilləri belə, öz baxışlarında və mövqelərində fərqli yanaşmalar ortalığa qoyurlar:
 

MÖVZU İLƏ BAĞLI:

Müəllimlik peşəsinin SONU YAXINLAŞIR – Onları da süni intellekt əvəz edə bilər


“Kimisi hesab edir ki, “Kişi müəllimlərin az olması təlim-tərbiyə prosesinin qurulmasında çətinliklər yaradır”. Digərləri hesab edir ki, “bu prosesin qarşısını almaq asan deyil. Çünki bu kifayət qədər mürəkkəb prosesdir”. Bir başqaları da belə qənaətdədir ki, “bu, oğlan şagirdlərin şəxsiyyət inkişafına, sosial bacarıqlarına və özünəinamına mənfi təsir göstərə bilər”. Bu yandan dədələrimiz də deyib ki, “Aslanın erkəyi, dişisi olmaz”.  

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə də bu məsələyə biganə qalmayaraq demişdi ki, təhsil sahəsində kişi müəllimlərin azalması gender balansının pozulmasına səbəb olur: “Bu məsələ ilə bağlı peşəyönümlü ciddi işlər aparılmalıdır ki, oğlanlar müəllimlik peşəsini seçsinlər. Maarifləndirmə işləri artmalıdır. Gender balansı pozulub.

Müəllimlərin əksəriyyəti qadınlardır. Dövlət qulluğunda da biz görürük ki, təhsil sahəsində rəhbər vəzifələrdə kişilər üstünlük təşkil edir”. Bütün deyilənlərə rəğmən böyük əksəriyyət tərəfindən belə bir vəziyyətin yaranması səbəbi müəllimin əmək haqqının aşağı olması ilə izah olunur”.


Kişi müəllimlər niyə daha çox repetitorluq edir?

Nadir İsrafilov son ilər orta məktəb müəllimlərinin maaşlarının nisbətən artdığını da qeyd edib:

“Görünür, bu artımlar kişi müəllimlərimizi təmin etmir ki, onlar məktəbdə işləməyə deyil, fərdi fəaliyyətlə məşğul olmağa üstünlük verir, ayrı-ayrı hazırlıq kurslarına üz tutur, daha çox repetitorluqla məşğul olurlar. Bir də ki, bu gün müəllimə qarşı yerli-yersiz hücumlar artıb, müəllim-şagird münasibətlərində fiziki zorakılıq halları baş verir. Elə kişi müəllimlər də var ki, bəzi şagird özbaşınalıqlarına dözümlülük nümayış etdirməkdə çətinlik çəkirlər. Hövsələlərini çilovlaya bilməyənlər çıxış yolunu məktəb mühitindən ayrılmaqda görürlər.


Son olaraq onu deyə bilərəm ki, müəllim peşəsindən uzaq düşən kişilərlərlə bağlı müxtəlif versiyalar irəli sürülüb və bu günün özündə də irəli sürülməkdədır. Nazir Emin Əmrullayev də məsələyə münasibət bildirərkən etiraf etmişdi ki, təhsildə qadınların çox olması gələcəkdə problemlərə səbəb olacaq. Nazirin fikrincə, mütləq şəkildə kişi müəllimlərin sayını artırmaq lazımdır:

“Biz məktəblərdə kişi müəllimlərin çox olmasını istəyirik. Hesab edirəm ki, bu problemin aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsinə ciddi ehtiyac var”.


Ehtiyac varsa, niyə görülməsin?

Nazirliyin müvafiq strukturları vəziyyətlə bağlı anketlər hazırlamalı, sorğular keçirməli, maraqlı tərəfləri cəlb etməklə, vəziyyəti öyrənməli, təhlil etməli, ümumiləşdirərək konkret təkliflər irəli sürməlidirlər ki,  məktəblərdə gender disbalansını tənzimləmək üçün nə etməliyik...?”

Surxay Atakişiyev, Bizim.Media

Seçilən
5
bizim.media

1Mənbələr