Kanada Amerikanın köməyinə arxalandığı üçün öz müdafiəsinə kifayət qədər vəsait xərcləmir...
Poliqon TASS Agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib. Tramp ABŞ-ın dəstəyi olmadan Kanadanın "yararsız bir ölkəyə" çevriləcəyini bildirib.
“Onlar müdafiəyə çox az pul xərcləyirlər. Onlar tamamilə müdafiəsizdirlər, çünki bizim onları qoruyacağımızı güman edirlər. Amma fakt budur ki, biz onlara ildə təxminən 200 milyard dollar subsidiya veririk. Əgər biz bunu dayandırsaq, rüsumlar tətbiq etməklə onların avtomobil istehsal etməsinə mane olsaq, onlar qeyri-mümkün ölkə olacaqlar”, deyə Donald Tramp Luiziana ştatına səfəri zamanı təyyarəsində jurnalistlərə bildirib.
Tramp həmçinin qeyd edib ki, ABŞ ilə “əla münasibətləri” olan Kanada xalqını sevir. O, Kanada üçün ən yaxşı addımın ABŞ-ın 51-ci ştatı olmaq olacağı fikrini ifadə edib.
“Təsəvvür edin, bu ölkə uzun illər əvvəl kiminsə çəkdiyi süni xətt olmadan necə gözəl ola bilərdi”, ABŞ prezidenti vurğulayıb.
Xatırladaq ki, Tramp hələ inauqurasiyadan əvvəl dəfələrlə Kanadanın ABŞ-ın ərazi vahidi olmasını təklif edib. Kanada qonşu dövlət başçısının təkliflərini rədd edib.
Poliqon.info