İspaniyanın və Cənubi Amerikanın bir sıra aparıcı universitetlərinin alimləri müəyyən ediblər ki, gündə 7 min addım atmaq depressiyaya düşmə ehtimalını 31% azalda bilər.
Modern.az xəbər verir ki, araşdırmanın nəticələri JAMA (Journal of the American Medical Association) jurnalında dərc olunub.
Alimlər bu qənaətə 96 min nəfərin cəlb olunduğu əvvəllər dərc edilmiş 33 araşdırmanın meta-analizi zamanı gəliblər. Tədqiqat qrupu geyilə bilən cihazlardan istifadə edən könüllülərin fiziki fəaliyyəti haqqında məlumat toplayıb.
Əlavə təhlillər göstərib ki, gəzinti həm profilaktik, həm də müalicəvi təsir göstərir. Depressiyadan əziyyət çəkən insanlar, addımların sayının artması ilə pozğunluq əlamətlərinin azaldığını bildirib - hərəkətliliyin gündə 5000 addıma qədər artması ilə nəzərəçarpacaq yaxşılaşma baş verib və maksimum təsir 7500 addımla təmin edilib.
Alimlər həmçinin müəyyən ediblər ki, gündəlik həyatda addımların sayını artırmaq gələcəkdə depressiya ehtimalını azaldır. Hər əlavə min addım riski 9% azaldır və psixi sağlamlıq hər gün 10.000 addım gedənlər arasında ən çox qorunub.