Milli Məclis təhlükə potensiallı obyektlərin siyahısının genişləndirilməsi haqda dəyişikliyi qəbul edib.
FED.az xəbər verir ki, bununla bağlı Şəhərsalma və Tikinti Məcəlləsində, “Texniki təhlükəsizlik haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlarda dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirə olunub.
Dəyişikliyə görə, əhali və ətraf mühit üçün təhlükə yaradan təhlükəli maddələrin əldə olunması, hazırlanması, emalı, daşınması, istifadəsi və ləğvi ilə məşğul olan, həmçinin radioaktiv və ionlaşdırıcı şüa mənbələrinə, partlayış və digər qəza təhlükəli tikililərə, qurğulara və avadanlıqlara malik istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektlər təhlükə potensiallı obyektlər hesab ediləcək və təhlükə potensiallı obyektlər vahid dövlət reyestrində qeydiyyata alınmalıdır.
Qeyd edək ki, hazırda qüvvədə olan qanuna görə, əhali və ətraf mühit üçün təhlükə yaradan partlayış-yanğın, radioaktiv və ionlaşdırıcı şüa mənbələrinin, zəhərləyici maddələrin əldə olunması, hazırlanması, emalı, daşınması, istifadə edilməsi və ləğvi ilə məşğul olan istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektlər təhlükə potensiallı obyektlər hesab edilir. Onlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada dövlət reyestrində qeydiyyatdan keçirilir.
Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.