ABŞ Dövlət katibi Marko Rubio cümə axşamı Münhenə yola düşməyə hazırlaşır və bu həftənin sonunda Rusiyanın Ukraynaya təcavüzünə son qoymaq üçün intensiv diplomatik səylər, habelə ABŞ prezidenti Donald Trampın müharibədən sonrakı Qəzza zolağı ilə bağlı səylərini davam etdirmək fonunda Yaxın Şərqə səfər edəcək.
Amerikanın Səsinə adının açıqlanmasını istəməyən və planla tanış olanların sözlərinə görə, Rubionun Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Yaponiya və Cənubi Koreyadan olan həmkarları ilə danışıqlar aparması üçün də hazırlıq gedir.
Görüş gözlənildiyi kimi baş tutsa, bu, Tramp administrasiyası dövründə ilk ABŞ-Yaponiya-Cənubi Koreya xarici işlər nazirlərinin üçtərəfli görüşü olacaq.
Rusiyanın Ukraynaya təcavüzünün üçüncü ili yaxınlaşdığı bir vaxt ABŞ sülh sazişini təmin etmək üçün bir çox diplomatik yollar axtarır.
Sülh razılaşmasının təmin edilməsi səyləri ilə birbaşa əlaqəsi olmasa da, ABŞ rəsmiləri Rusiyanın amerikalı məktəb müəllimi Mark Fogelin çərşənbə axşamı azad edilməsini “rusların xoş niyyət nümayişi” və “Ukraynadakı amansız müharibəni sona çatdırmaq üçün düzgün istiqamətdə hərəkət etdiyimizin əlaməti” kimi qiymətləndiriblər.
Rubio bildirib ki, ABŞ fevralın 14-dən 16-dək davam edəcək yüksək səviyyəli beynəlxalq təhlükəsizlik forumu olan Münhen Təhlükəsizlik Konfransında görüşlər zamanı müharibəyə son qoymaq əzmini bir daha təsdiq edəcək.
ABŞ-ın vitse-prezidenti J.D.Vans və Ukrayna prezidenti Volodimir Zelenski Münhendə təkbətək danışıqlar aparmağa hazırlaşır.
Konfransda ABŞ-ın Ukrayna və Rusiya üzrə xüsusi elçisi Keyt Kelloq və Zelenskinin aparat rəhbəri Andriy Yermak da iştirak edəcək.
Ukrayna bildirib ki, onun nümayəndə heyəti müharibənin dayandırılması ilə bağlı mövqeyini təqdim edəcək və davamlı sülhə nail olmaq üçün öz baxışını açıqlayacaq. Bu arada, Ukrayna ABŞ və Avropadan təhlükəsizlik zəmanəti istədiyi üçün danışıqlar davam edir.
Ukrayna ABŞ şirkətlərinə gəlirli yenidənqurma müqavilələri təklif etməyə hazırdır, Zelenski bu həftə The Guardian qəzetinə müsahibəsində deyib. O, həmçinin bildirib ki, Tramp onu və Rusiya prezidenti Vladimir Putini danışıqlar masasına gətirə bilsə, torpaq mübadiləsini təklif edəcək.
Visiontv.az