Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, fevralın 15-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var.
Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Gecə 2-4°, gündüz 5-8° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gündüzdən tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti, dağlarda gecə 3-8°, yüksək dağlıq ərazilərdə 8-13°, gündüz 0-5° şaxta olacaq. Bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.
Q.QASIMOV
XQ