AZ

Bu gün 22 minə yaxın bakalavrın magistraturaya qəbul imtahanı verəcəyi gözlənilir

Fevralın 16-da Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (I cəhd) keçirir. DİM-dən SİA-ya bildirilib ki, imtahan vermək üçün 21 min 926 bakalavr ərizə təqdim edib. Onlardan 20 min 57 nəfərin Azərbaycan bölməsi, 1869 nəfərin rus bölməsi üzrə imtahan verəcəyi gözlənilir. Bakalavrlardan 14 min 17-si cari ilin, 7909-u isə əvvəlki illərin məzunlarıdır, 49 nəfər xarici ölkə vətəndaşıdır.

Qəbul imtahanı Bakıda 62, Sumqayıtda 6, Abşeronda 4, Gəncədə 6, Naxçıvanda 2, Mingəçevirdə 3, Lənkəranda 2 binada təşkil olunur. Bütün binalarda imtahan saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

Bakıda 15 min 960, Naxçıvanda 540, Gəncədə 1458, Sumqayıtda 1627, Abşeronda 1078, Mingəçevirdə 838, Lənkəranda 425 bakalavrın imtahan verəcəyi gözlənilir. İmtahanın idarə olunmasına 85 ümumi rəhbər, 241 imtahan rəhbəri, 1989 nəzarətçi, 294 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb olunub.

İmtahanda bakalavrların xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılır. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanır. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış hər kəs zalda olmalıdır.

İmtahanın müddəti 3 saat 30 dəqiqədir. İmtahanın başlandığı andan 3 saat sonra test tapşırıqlarının cavablandırılması üçün ayrılan vaxt başa çatır və cavab kartları zal nəzarətçisi tərəfindən yığılır. Bundan sonra iştirakçılara yazı işi (esse) vərəqləri paylanılır. Esselərin yazılmasına 30 dəqiqə vaxt verilir.

DİM imtahan iştirakçılarının nəzərinə çatdırır ki, cavab kartındakı məlumatlar optik qurğu vasitəsilə oxunur. Ona görə də optik qurğuların tələblərinə əsasən, cavab kartını qara və ya tünd göy rəngdə yazan mürəkkəb axıtmayan diyircəkli qələmlə, yaxud tünd rəngdə yazan sadə karandaşla doldurmaq lazımdır. Cavablar üçün nəzərdə tutulmuş dairələrin içi göstərilən növ qələmlərlə və ya karandaşla tam qaralanmalıdır. Təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) baxılmayacaq. Bununla bağlı tövsiyə olunur ki, imtahan iştirakçısı cavab kartında cavabları tam əmin olduqdan sonra qeyd etsin və ya cavab kartında imtahan bitənədək hər hansı düzəliş etmək imkanının olması üçün dairələri karandaşla qaralasın. Cavab kartını zədələmək və cırmaq olmaz. Apellyasiya müraciətlərinə baxılarkən göstərilən hallarla bağlı hər hansı müraciət qəbul edilməyəcək.

İmtahan iştirakçıları “Yaddaş kitabçası” ilə DİM-in saytında tanış ola bilərlər.

İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.

Bakalavrlar imtahana gələrkən aşağıda qeyd olunan sənədləri mütləq gətirməlidirlər:

- Şəxsiyyəti təsdiqləyən sənədin əslini;

- İmtahana buraxılış vərəqəsini.

Göstərilən sənədlər arasında uyğunsuzluq aşkarlanan, yaxud həmin sənədlərdən biri olmayan şəxslər imtahana buraxılmayacaq.

Seçilən
36
7
sia.az

10Mənbələr