ABŞ prezidenti Donald Tramp aprelin 20-dək Ukraynada atəşkəsə nail olmaq istəyir.
Modern.az xəbər verir ki, “Bloomberg”in məlumatına görə, bu barədə Trampın administrasiyası avropalı tərəfdaşlarına bildirib.
İndi Avropa rəsmiləri Ukraynaya müdafiə və digər dəstək xərclərini artırmağa çalışır.
Bu planlar yalnız fevralın 23-də Almaniyada keçiriləcək parlament seçkilərindən sonra açıqlanacaq.
Bu gün Avropa İttifaqı ölkələrinin liderləri Fransa prezidenti Emmanuel Makronla birlikdə bu tədbirlərin hazırlanmasına başlamaq üçün Parisə dəvət olunub.
Ehtimallara görə, sammitdə Avropa qoşunlarının Ukraynaya göndərilməsi imkanları da müzakirə olunacaq.
“Bununla belə, Tramp administrasiyası bu il aprelin 20-nə təsadüf edən Pasxa bayramına qədər Ukraynada atəşkəs əldə etmək istədiyini açıq şəkildə bildirib”, - “Bloomberg” qeyd edib.
Bu arada, bəzi Avropa rəsmiləri ABŞ və Rusiya rəsmiləri ilə sabah Səudiyyə Ərəbistanında başlayacaq danışıqların tempinin iddialı, lakin potensial olaraq qeyri-real olduğunu deyirlər. Agentliyin mənbələrindən biri hesab edir ki, 2025-ci ilin sonuna qədər qərar qəbul etmək daha realdır.
Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski bəyan etmişdi ki, bu gün heç bir sülh planı yoxdur, çünki Ukrayna, ABŞ və avropalı tərəfdaşlar heç nə ilə bağlı razılığa gəlməyiblər.
Bununla belə, Səudiyyə Ərəbistanında keçiriləcək danışıqlar sülh prosesinin sürətlənə biləcəyinə dolayı sübutdur. Onlar fevralın sonuna qədər Tramp və Vladimir Putin arasında görüşlə yekunlaşa bilər.