Bakı, 17 fevral, AZƏRTAC
Türkiyənin Kırşehir Ahi Evran Universitetinin rektoru professor Mustafa Kasım Karahocagil və onu müşayiət edən nümayəndə heyəti Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə əməkdaşlıq münasibətlərini möhkəmləndirmək məqsədilə UNEC-də olub.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, rektor professor Ədalət Muradovla keçirilən görüşdə hər iki universitetin təhsil sahəsindəki fəaliyyətləri və əməkdaşlıq imkanları müzakirə olunub.
Rektor Ədalət Muradov türkiyəli qonaqlara UNEC-də təhsil imkanları, rəqəmsal idarəetmə sistemi, beynəlxalq əlaqələr, ikili diplom və mübadilə proqramları, dünya reytinqlərindəki mövqeyi, tələbə və müəllim kontingenti və digər istiqamətlər barədə məlumat verib.
Professor Mustafa Kasım Karahocagil UNEC-in təhsil sahəsindəki müasir yanaşmalarını yüksək qiymətləndirərək, bu ali təhsil müəssisəsi ilə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb. Müzakirələrin nəticəsi olaraq, UNEC ilə Kırşehir Ahi Evran Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.
Memorandumda hər iki universitetin akademik inkişafına töhfə verə biləcək tələbə və müəllim mübadiləsi, birgə konfransların təşkili, elmi tədqiqatlar üzrə əməkdaşlıq və digər sahələr üzrə birgə fəaliyyət istiqamətləri yer alıb.