Fransa Prezidenti Emmanuel Makron Ukraynaya dəstək mövzusunda Parisdə Avropa İttifaqı liderləri ilə görüşdən əvvəl ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb.
Demokratikmusavat.com report-a istinadən xəbər verir ki, bu barədə “Frans Press” agentliyi Yelisey sarayındakı mənbəyə istinadən məlumat yayıb.
Fransa və ABŞ liderləri arasındakı söhbətin təfərrüatları açıqlanmayıb.
Qeyd edək ki, bu gün Böyük Britaniya, Almaniya, Danimarka, İspaniya, İtaliya, Niderland, Polşa hökumət başçıları, həmçinin Avropa Şurası və Avropa Komissiyasının sədrləri Antoniu Koşta və Ursula fon der Lyayen və NATO-nun Baş katibi Mark Rutte Ukraynaya dəstək üzrə gələcək addımları müzakirə etmək üçün Makronun dəvəti ilə Parisə gəliblər.
Yelisey sarayının nümayəndələrinin sözlərinə görə, iclasda həmçinin Ukraynaya verilə biləcək təhlükəsizlik təminatları nəzərdən keçirilməlidir.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün keçirdiyi brifinqdə xarici işlər naziri Sergey Lavrov və prezidentin köməkçisi Yuri Uşakovun ABŞ nümayəndələri ilə danışıqlar aparmaq üçün Ər-Riyada getdiklərini bildirib. Danışıqlar Rusiya-Amerika münasibətlərinin hərtərəfli bərpasına, eləcə də Ukrayna münaqişəsinin nizamlanması üzrə mümkün danışıqların hazırlanmasına və iki ölkə prezidentləri Vladimir Putin və Donald Trampın görüşünə həsr olunacaqlar.