Talassemiyalı uşaqlar, digər xəstələr üçün toplanmış vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə 7 nəfər zərərçəkmiş qismində tanınıb.
Zərərçəkən Tural Nəsmiyev vəsatət verərək cərrah-transplantoloq Mircəlal Kazımovun, cinayət işi baş verən zaman Talassemiya Mərkəzinin baş həkimi vəzifəsində çalışmış Xuraman Cəfərova, həmin dövr ərzində Talassemiya Mərkəzinin direktoru vəzifəsində çalışmış Valeh Hüseynovun məhkəməyə çağırılaraq dindirilməsini, bununla yanaşı, təqsirləndirilən şəxslər arasında olan danışıqlar, vatsap tətbiqi üzərimdə olan mesajlaşmalar və danışıqların məhkəməyə təqdim olunmasını istəyib.
Dövlət ittihamçısı, zərərçəkən şəxslər, müdafiə tərəfi və təqsirləndirilən şəxslər buna etiraz etməyib.
Məhkəmə zərərçəkmişlərin ifadəsindən sonra adıçəkilən şəxslərin məhkəməyə çağırılacaqlarını bildirib.
Daha sonra məhkəmə təqsirləndirilən şəxslərin 2022-ci aprel ayından- 2023-cü il fevral ayınadək olan müddətdə anten məlumatıarı, zənglər, mesaj mətnlərinin məhkəməyə təqdim edilməsi barəsində olan vəsatəti təmin edib.
Daha sonra zərərçəkənlər ifadə verib.
Zərərçəkən Natiq Qubadov övladının talassemiya xəstəliyindən əziyyət çəkdiyini bildirib:
“Övladım xəstə idi. İndi əməliyyat olunub və sağalıb. Bu xəstəliyin yeganə yolu ilik dəyişdirilməsidir. Ən yaxşı donor xəstənin bacı və ya qardaşıdır. Mənim övladım tək uşaq idi. Ona görə donor tapmaq çətin idi.
Bu şəxslərlə yoldaşım tanış oldu. May ayında bizə donorun tapılması ilə bağlı məlumat verildi. Amma hər dəfə müalicə ilə bağlı bəhanələr gətirildi. Mən ödədiyim puıdan 9 min manat pul aldım, amma 16,500 manat pulum qalıb”.
Zərərçəkən Günay Ağayeva ifadə verib. O qeyd edib ki, oğlu talassemiyadan əziyyət çəkir. Mənə xəstəxanadan Aynurun nömrəsini verdilər. O, bizə donor tapacaqdı. Lakin heç nə olmadı. 25 min manat puı ödəmişəm, mənə pul qaytarılmayıb.
Daha sonra digər zərərçəkmiş şəxslər ifadə verib.
Qeyd edək ki, talassemiya xəstələrinin valideynlərinə qarşı dələduzluq edilməsi ilə bağlı daxili işlər orqanlarına məlumat daxil olub. Məlumat əsasında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova Aysel Məmmədova və Aynur Bayramova ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 980 min manatlarını mənimsəyib. Əvvəlcə Nuridə Seyidova həbs olunub. Daha sonra məhkəmə proseslərində Aynur Bayramova və Aysel Məmmədova barəsində həbs qətimkan tədbiri seçilib.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.