"Pakistan ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətləri əsrlər boyu inkişaf edərək iki ölkənin tarixində mühüm rol oynamışdır. Son illərdə siyasi-iqtisadi, müdafiə, nəqliyyat, enerji, mədəniyyət və digər sahələrdə əldə edilən nailiyyətlər iki ölkə arasında strateji tərəfdaşlığın daha da genişləndiyini göstərir. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Bakıya dövlət səfəri çərçivəsində fevralın 24-də keçirilən görüşlər, imzalanan sənədlər və biznes-forum münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bir daha təsdiqləyir".
Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Asif Əsgərov deyib.
Deputatın sözlərinə görə, Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biri olan Pakistan bu əlaqələrin möhkəmlənməsinə əhəmiyyətli töhfə vermişdir.
"İki ölkə arasında diplomatik münasibətlər 1992-ci ildə qurulmuş, Pakistanın Bakıda, Azərbaycanın isə İslamabadda səfirliklərinin açılması siyasi dialoqun intensivləşməsinə zəmin yaratmışdır. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə dövlət səfəri zamanı keçirilən görüşlərdə regional təhlükəsizlik, beynəlxalq təşkilatlarda əməkdaşlıq və bir-birinə qarşılıqlı dəstəyin əhəmiyyəti vurğulanmışdır. İki ölkənin beynəlxalq qurumlarda, xüsusilə Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində bir-birini dəstəkləməsi onların ortaq maraqlara əsaslanan tərəfdaşlığını nümayiş etdirir. Görüşlər zamanı tərəflər beynəlxalq gündəlikdə duran bir çox məsələlər üzrə eyni mövqedən çıxış etdiklərini bir daha vurğulayıblar.
İki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi görüşlərin əsas gündəm mövzularından biri olmuşdur. Hazırkı ticarət dövriyyəsinin istənilən səviyyədə olmadığı qeyd olunsa da, bu sahədə ciddi potensialın mövcudluğu vurğulanıb. Görüşlərdə yaxın bir ay ərzində iqtisadi sahədə razılaşdırılmış layihələr üzrə yekun sənədlərin hazırlanması qərara alınmışdır. Azərbaycanın Pakistana 2 milyard ABŞ dolları həcmində sərmayə qoymaq niyyəti xüsusilə diqqət çəkir, bu vəsaitlər əsasən, enerji, infrastruktur, mədən sənayesi və digər sahələri əhatə edəcək.
Müdafiə sənayesi sahəsində əməkdaşlıq iki ölkə arasında tərəfdaşlığın mühüm istiqamətlərindən biridir. Azərbaycan artıq Pakistan istehsalı olan bir sıra müdafiə avadanlıqlarını əldə etmiş və onların keyfiyyətindən razılığını ifadə edib. Görüşlər zamanı müdafiə sənayesi məhsullarının birgə istehsalı məsələsi də müzakirə olunmuş, bu sahədə əməkdaşlığın daha da genişləndirilməsi planlaşdırılıb. Müdafiə sənayesində birgə istehsalın qurulması həm iki ölkənin hərbi potensialını artıracaq, həm də ixrac imkanlarını genişləndirəcəkdir.
Azərbaycan və Pakistanın beynəlxalq nəqliyyat dəhlizləri üzərində yerləşməsi iki ölkə üçün əhəmiyyətli logistik imkanlar yaradır. Həmçinin, sözügedən səfər çərçivəsində Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərində əməkdaşlıq, yükdaşımaların artırılması və qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilib. Azərbaycanın bu dəhlizlərdə iştirakının regional sabitlik və iqtisadi inkişaf baxımından önəmli olduğu vurğulanıb. Nəqliyyat sahəsində əməkdaşlığın inkişafı iki ölkənin Avrasiya bazarlarına çıxışını asanlaşdıracaq.
Fevralın 24-də Azərbaycan Prezidenti İlham Əliyevin və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə iki ölkə arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə Pakistanın bir sıra enerji şirkətləri arasında ümumilikdə 5 Anlaşma Memorandumu və Çərçivə Sazişi imzalanıb. Bunlar arasında mayeləşdirilmiş təbii qaz yüklərinin alqı-satqısı və neft məhsullarının uzunmüddətli tədarükü üzrə razılaşmalar da mövcuddur.
“Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri və Pakistan İslam Respublikasının Pəncab Əyalətinin Lahor şəhəri arasında mədəniyyət, turizm, şəhərsalma, təhsil, elm, iqtisadiyyat və ictimai həyatın digər müvafiq sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalanması xalqlar arasında dostluq münasibətlərinin güclənməsinə töhfə verəcək. Eyni zamanda, iki ölkə arasında peşə təhsili, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi və bitki karantini sahələrində də Anlaşma memorandumları imzalanıb. Bu sənədlər müvafiq sahələrdə bilik və təcrübə mübadiləsinə şərait yaradacaq.
Parlamentlərarası əlaqələrin gücləndirilməsi ikitərəfli münasibətlərin inkişafında mühüm amildir. Azərbaycan-Pakistan parlamentlərarası işçi qrupları bu sahədə əlaqələrin möhkəmlənməsinə xidmət edir. Həmçinin, “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilə Pakistanın Milli Müdafiə Universiteti arasında elmi-tədqiqat və əməkdaşlıq fəaliyyətləri sahəsində Anlaşma Memorandumu”nun imzalanması akademik mübadilələrə və birgə araşdırmalara təkan verəcəkdir.
Bu sənədlər ikitərəfli münasibətlərin hüquqi bazasının möhkəmlənməsinə xidmət edir. İmzalanmış 10-dan artıq sənədin arasında, həmçinin gömrük, kənd təsərrüfatı və ətraf mühit sahələrində anlaşmalar yer alır. Bu razılaşmalar gələcək əməkdaşlığın daha praktik və nəticəyönümlü olmasına zəmin yaradacaqdır.
Azərbaycan ilə Pakistan arasında dostluq və qardaşlıq münasibətləri qarşılıqlı hörmət, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə dəstək prinsipləri üzərində qurulub. Siyasi dialoq, iqtisadi əməkdaşlıq, müdafiə sahəsində tərəfdaşlıq və mədəni əlaqələr iki ölkənin strateji maraqlarına tam uyğun gəlir. Keçirilən görüşlər və imzalanan sənədlər münasibətlərin daha da genişlənəcəyindən xəbər verir. Hazırda iqtisadi sahədə atılan addımlar gələcəkdə ticarət dövriyyəsi və sərmayələrin artmasına şərait yaradacaq, nəqliyyat və enerji layihələri isə əməkdaşlığı daha da möhkəmləndirəcəkdir.
Dövlətlərarası münasibətlər yalnız iki ölkənin maraqları ilə məhdudlaşmır, həm də regionda sülh və sabitliyin qorunmasına mühüm töhfə verir. Bu dostluq əlaqələri növbəti illərdə daha da dərinləşəcək və qarşılıqlı faydalı əməkdaşlıq üçün yeni imkanlar yaradacaqdır".