AZ

Separatçıların məhkəməsi davam etdirilir


Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayəti işləri üzrə məhkəmə prosesinin baxış iclası fevralın 27-də davam etdirilib.
Yeniavaz.com
APA-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər - Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, habelə müdafiələri üçün vəkillərlə təmin olunub.
Məhkəmənin baxış iclasında təsirləndirilən şəxslər və onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, habelə dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
İclasın əvvəlində hakim Zeynal Ağayev məhkəmə prosesinə erməni dilinə yeni tərcüməçi qoşulduğunu elan edib. Tərəflər tərcüməçiyə etiraz etməyib
Budəfəki məhkəmə iclasında təqsirləndirlən şəxslər sərbəst ifadə veriblər.
Məhkəmə iclasında sədrlik edən dindirməni başlayarkən təqsirləndirilən şəxslərin hər birinə onlara elan edilmiş ittiham və həmin ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün əhəmiyyətli olan digər hallar barədə ifadə verməyi təklif edib.
Əvvəlcə təqsirləndirilən şəxs Arkadi Qukasyan ifadə verib. O, Ermənistanın Azərbaycana qarşı apardığı təcüvüzkar hərbi müharibə nəticəsində ölkəmizə və xalqımıza qarşı həyata keçirilən çoxsaylı cinayət əməllərinin törədilməsində iştirak etdiyinə görə ittiham olunur.
A.Qukasyan deyib ki, Ermənistan Respublikası Qarabağın qarantı kimi çıxış etmişdi: “Təbii ki, bu həll olunmamış məsələlər qrupunda kiçik Qarabağ öz müdafiəsini konflikt həll olunana qədər təkbaşına həyata keçirə bilməzdi”.
O, 2020-ci ildə 44 günlük müharibə zamanı Qarabağda olduğunu bildirib: “Bu, o vaxta təsadüf etdi ki, mən Qarabağa gəlmişdim. Demək olar ki, müharibənin 2-ci günü biz digər "keçmiş prezident" Bako Saakyanla birgə, Arayik Harutyunyanla görüş tələb elədik.
Biz onunla görüşdük. Ondan xahiş etdik ki, əlindəki bütün imkanlardan istifadə edərək Ermənistandan müharibəni dayandırmağı xahiş etsin”.
A.Qukasyan iddia edib ki, Qarabağ ərazisində heç bir muzdlu olmayıb: “Müdafiə Nazirliyi və Ermənistan ordusu olub, hansı ki, Ermənistan Respublikası tərəfindən maliyyələşdirilirdi”.
Ardınca təqsirləndirilən şəxs Bako Sahakyan ifadə verib. O, istintaqın gedişində hüquqlarının təmin olunduğunu bildirib: “2023-cü il oktyabrın 3-də bizi – məni, Arkadi Qukasyanı Qarabağdan Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasına gətirdilər. Həmin gün Bakı 12 saylı vəkil bürosunun vəkili Nigar Mirbabayeva Azərbaycan Respublikasın tərəfindən mənim hüquqlarımı müdafiə etmək üçün təyin edilidi. Mənə həmçinin tərcüməçi təqdim edildi.
İstintaq prosesi zamanı mənim müstəntiqim tərəfindən mənim bütün hüquqlarım təmin olunub ki, suallara tam şəkildə cavab verim. Həmçinin öz fikrimi bildirməyə və nöqteyi-nəzərimi də ortaya qoymağa şəraitim olub.
İstintaqın başlanğıcında mən bildirmişəm və həmin bəyanatı indi də vermək, təsdiqləmək istəyirəm ki, bu münaqişə, bu tarix cinayət və məhkəmə istintaqı predmeti deyil. Mən bu fikri bildirərkən də nə məhkəmənin, nə də istintaqın səlahiyyətlərini şübhə altına almamışam”.
Daha sonra təqsirləndirilən şəxs Arayik Harutyunyana sərbəst ifadə verməsi təklif olunub. O, ifadəsinə hazırlaşmaq üçün məhkəmədən əlavə vaxt istəyib. Məhkəmə təqsirləndirilən şəxsin xahişini nəzərə alıb.
Bundan sonra təqsirəndirilən şəxs Davit İşxanyan sərbəst ifadə verib. O, elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilmədiyini qeyd edib.
Sonra təqsirəndirilən şəxs Davit Babayan sərbəst ifadə verib. O da elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyib.
“İttiham aktında qeyd olunan əməlləri törətmək iqtidarında olmamışam. Azərbaycan xalqına qarşı nifrət təbliğ etməmişəm. Öz xalqımı sevirəm, lakin milliyyətçi deyiləm”, - D.Babayan bildirib.
Məhkəmənin növbəti iclası martın 3-nə təyin olunub. Növbəti məhkəmə iclası təqsirləndirilən şəxslərin sərbəst ifadəsi ilə davam etdiriləcək.
Qeyd edək ki, Ermənistan dövlətinin onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 nəfər erməni əsilli təqsirləndirilən şəxs ittiham edilir.
Seçilən
85
49
yeniavaz.com

10Mənbələr