“Qərbi Azərbaycan İcması olaraq Avropa İttifaqı – Ermənistan Parlament Tərəfdaşlıq Komitəsinin 25 fevral 2025-ci ildə keçirilmiş iclasında qəbul edilmiş yekun sənədini qınayır və tamamilə rədd edirik”.
Gundem.az xəbər verir ki, bu, Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda öz əksini tapıb.
Bildirilib ki, Avropa Parlamenti və Ermənistan parlamenti tərəfindən qəbul edilmiş bu sənəd irqçilik, insan hüquqlarına hörmətsizlik, Azərbaycanın ərazi bütövlüyünə qəsd xarakteri daşıyır və regionda yeni müharibənin yaradılmasına xidmət edir.
“Azərbaycan ərazilərinin 20 faizini işğal edərək minə yaxın şəhər və kəndi dağıtmış, 20 mindən artıq azərbaycanlını Azərbaycan ərazisində qətlə yetirmiş, 4000 azərbaycanlını məcburi itkin düşməyə məruz qoymuş, milyonlarla mina və partlamamış hərbi sursatla Azərbaycan ərazilərinin 13 faizini çirkləndirmiş Ermənistan “demokratiya” təcəssümü və “sülh göyərçini” kimi qələmə verilir. Sanki irqçi ideologiya əsasında öz ərazisindən və vaxtilə işğal etdiyi Azərbaycan ərazilərindən bir milyondan artıq azərbaycanlını etnik təmizləməyə məruz qoymuş Ermənistan deyil. Azərbaycanlı qaçqın və məcburi köçkünlərin taleyinə otuz ildən artıqdır ki, biganə yanaşanların indi Azərbaycanın Qarabağ bölgəsindən könüllü köçüb getmiş ermənilərlə bağlı məsələləri qaldırması açıq-aşkar irqi ayrı-seçkiliyin nümunəsidir. Ermənistanda kütləvi və sistematik şəkildə dağıdılan Azərbaycan mədəni irsi, azərbaycanlıların pozulmuş mülkiyyət hüquqları və onların qayıdış hüququ məsələsini görməzdən gələn Avropa Parlamentinin insan hüquqları və humanitar hüquq məsələsindən danışmağa mənəvi haqqı yoxdur.
Xocalı soyqırımının ildönümündə həmin soyqırımını törətməkdə şübhəli bilinərək məhkəmə qarşısına çıxarılmış şəxslərin azadlığa buraxılmasına dair çağırış etmək məhkəmə müstəqilliyinə qarşı yönəlməklə, Xocalı qurbanlarının xatirəsinə hörmətsizlikdir. Bu cür çağırışlar faktiki olaraq, Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı müharibə cinayətlərinə haqq qazandırır, Ermənistana cəzasızlıq vəd edir və onu bu cür cinayətləri təkrarlamağa cəsarətləndirir.
Militarist məqsədlərə xidmət edən “Avropa Sülh Fondu” və Avropa İttifaqının Ermənistandakı missiyasına (EUMA) sənəddə edilən çoxsaylı istinadlar Avropa İttifaqının Ermənistanın hərbiləşdirməsini bundan sonra da davam etdirəcəyinin göstəricisidir.
ATƏT-in “Minsk Qrupu” adlı qondarma quruma, onun mənfur “Madrid Prinsiplərinə” istinad bu bəyanatın müəlliflərinin əsl niyyətinin bölgədə yenidən münaqişə yaratmaq olmasına şübhə yeri qoymur.
Xüsusilə ciddi diqqət yetirilməli məqam ondan ibarətdir ki, bu bəyanata Ermənistanın hakim partiyasının çoxluq təşkil etdiyi parlamenti də razılıq verib. Bu onu sübut edir ki, Ermənistan hökuməti sülh danışıqlarında səmimi deyil və bu danışıqlardan özünün kütləvi silahlanma proqramını başa çatdırmaq üçün örtük kimi istifadə edir.
Biz beynəlxalq ictimaiyyəti Ermənistanın və Avropa İttifaqının insan hüquqları və sülhə qarşı bu addımlarına qarşı çıxmağa çağırırıq”, - deyə bəyanatda bildirilib.