1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Ermənistan Azərbaycan və Rusiya ilə kommunikasiyaların blokdan çıxarılması üzrə üçtərəfli formata qayıtmaq fikrində deyil".
Bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.
O, belə bir məsələnin, ümumiyyətlə, müzakirə olunmadığını və istənilən məsələdə Rusiyanın kölgəsini görməyin dayandırılmasını deyib.
Bəs Ermənistanın məqsədi nədir? Həmçinin Rusiya hansı adekvat addımları ata və Azərbaycanın cavabı nə ola bilər?
Mövzu ilə bağlı Oxu.Az-a danışan Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib ki, Ermənistan parlamentinin sədri Alen Simonyanın brifinqdə "hər şeydə Rusiyanın kölgəsini görməyi dayandırmaq" barədə bəyanatı bu ölkənin bipolyar xarici siyasət kursunun bariz göstəricisidir:
"Sirr deyil ki, Azərbaycan artıq başa çatmış münaqişədə tarixin bütün dövrlərində birbaşa dialoqun tərəfdarı olub, lakin məhz Ermənistan prosesə Rusiyanın cəlbi başda olmaqla, digər xarici güclərin prosesə daxil edilməsinə maraqlı olub və israrlı tərəf kimi çıxış edib. Ermənistan 30 ildən artıq bir müddətdə bütün hallarda Rusiyanın bölgədə varlığında nəinki maraqlı olub, üstəlik təhlükəsizliyinin bütün aspektlərini Rusiyaya etibar edib, açıq şəkildə vassal və marionet kimi davranıb. Bu gün məhz qalib tərəf kimi Azərbaycan Prezidentinin diktəsi ilə formalaşan və müəyyən effektiv nəticələr ortaya çıxaran birbaşa dialoq konfiqurasiyası qarşısında məhz Ermənistan həmişə əngəl kimi çıxış edib. Hazırda da məhz İrəvan bütün imkanlarda Fransa və Avropa İttifaqını bu və ya digər formada prosesin tərəfinə çevirmək istəməkdədir. İrəvanın hələ də artıq tarixin zibilliyində olan ATƏT-in Minsk qrupunu səhnədə saxlamaq cəhdi də bu niyyətin davamıdır. Sadəcə Simonyanın timsalında erməni rəsmiləri hazırda "Rusiyanın kölgəsini" ona görə qəbul etmək istəmirlər ki, Ermənistan artıq Moskvanın yox, Qərbin çətirinə sığınıb. Bu mənada, Simonyanın ölkəsinin Rusiyasız - müstəqil davranmaq imitasiyası sadəcə gülüş və ikrah doğurur".

"Digər tərəfdən, bu bəyanat Ermənistanın beynəlxalq hüququn ümumtanınmış normalarında əksini tapan prinsiplərə, ələlxüsus öhdəliklərə vicdanla əməl edilməsi prinsipinə hörmətsizliyinin nümayişidir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının prezidentinin imzaladıqları 10 noyabr 2020-ci il bəyanatının 9-cu maddəsinə əsasən, "Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir". Bu mənada, Ermənistan hökumət rəsmiləri və parlament sədrinin cari mövqeyi, eyni zamanda, İrəvanın beynəlxalq hüquqa və Paşinyanın imzasına hörmətsizliyidir. Təbii ki, İrəvanın kimin çətirinin altında olması öz seçimidir, lakin proseslər elə cərəyan etməlidir ki, regionda sülh və sabitlik perspektivi təhdid altına düşməsin. Bu ölkədə unutmamalıdırlar ki, son nəticədə, sülh prosesi də daxil olmaqla, Azərbaycan Ermənistanın hər hansı bəyanatına bağlı deyil, əksinə regionda, o cümlədən Ermənistanın özündə siyasi gündəm bu və ya digər formada Bakıda müəyyən oluna bilir", - deyə deputat əlavə edib.
Mərahim Nəsib