1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
BMT Baş Assambleyasında Türkiyənin təşəbbüsü ilə 30 Mart - Beynəlxalq Sıfır Tullantı Günü münasibətilə xüsusi sessiya keçirilib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, sessiyada çıxış edən Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi Tofiq Musayev Sıfır Tullantı hərəkatının əhəmiyyətini vurğulayıb. O bildirib ki, "Sıfır Tullantı" təşəbbüsü COP29 zamanı qlobal miqyasda böyük dəstək qazanıb.
Diplomat bu sahədə Türkiyənin liderliyini və xüsusilə Birinci xanım Əminə Ərdoğanın şəxsi səylərini yüksək qiymətləndirib.
T.Musayev Azərbaycanın Sıfır Tullantı sahəsində atdığı addımlar və bu istiqamətdə gördüyü işlər barəsində qonaqları məlumatlandırıb. Bildirib ki, Azərbaycanın Sıfır Tullantı konsepsiyasının Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq və daha yaşıl bir planet yaratmaq yolunda əsas prinsiplərdən biridir: "Azərbaycan bir sıra DİM-lər üzrə irəliləyişi sürətləndirmək üçün konkret addımlar atır. Bunlara yerli dairəvi iqtisadiyyat layihələrinə dəstək vermək, dayanıqlı tekstil istehsalını təşviq etmək, innovasiya və təhsil yolu ilə tullantıları azaltmaq təşəbbüsləri daxildir".
Səfir vurğulayıb ki, COP29 çərçivəsində Azərbaycan və Tokio yaşıl zonada birgə pavilyon açaraq ekoloji inkişafa kollektiv fəaliyyət vasitəsilə töhfə verməyə sadiq olduqlarını nümayiş etdiriblər: "Bundan əlavə, COP29 zamanı Üzvi Tullantılardan Metan Qazının Azaldılması ilə bağlı Bəyannamə qəbul edilib. Bu sənəd tullantıların sürətlə artmasının qarşısını almaq, tullantıların idarə olunması və Sıfır tullantı təcrübələrinin tətbiqini genişləndirmək üçün kompleks tədbirlərin vacibliyini vurğulayır. COP29 Fəaliyyət Gündəliyinin bir hissəsi olaraq hazırlanan "Dayanıqlı və Sağlam Şəhərlər üçün Çoxsektorlu Fəaliyyət Yolları Bəyannaməsi" şəhərlərdə iqlim problemlərinə kompleks yanaşmanı təşviq etməyi, şəhər iqlim siyasətləri arasında əlaqələndirməni gücləndirməyi və şəhər iqlim maliyyəsini stimullaşdırmağı hədəfləyir".
Azərbaycan 2026-cı ildə keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumunun (WUF13) ev sahibliyi edəcək : "Bu tədbir dayanıqlı şəhər inkişafını təşviq etmək, Sıfır Tullantı təşəbbüslərini gücləndirmək və iqlimə davamlı şəhərlərin yaradılması ilə bağlı beynəlxalq öhdəlikləri bir daha təsdiqləmək üçün mühüm platforma olacaq".