Yerin maqnit sahəsində pozuntu qeydə alınıb və artıq orta səviyyəyə çatıb. Bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.
Oxu.Az xəbər verir ki, məlumata görə, Yerin maqnit sahəsindəki pozulma səviyyəsi beş göstəricinin monitorinq şkalası üzrə G2 ("orta") səviyyəsindədir ki, burada G5 "son dərəcə güclü", G1 isə "zəif"dir.
G2 səviyyəsi isə o deməkdir ki, Yerdəki enerji sistemlərində problemlər yarana, həmçinin radionaviqasiyada fasilələr və yüksəktezlikli radio rabitəsində pozulmalar baş verə bilər.
Bəs görəsən, qasırğa nə dərəcədə təhlükəlidir? Necə qoruna bilərik və nə vaxta kimi davam edəcək?
Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun şöbə müdiri, ekoloq Ənvər Əliyev mövzu ilə bağlı Oxu.Az-a danışıb.
O bildirib ki, Yerin maqnit sahəsindəki pozuntu planeti təhdid edən təbii hadisələrdən biridir:
"Bu hadisələr milyon illərdir, baş verir. Maqnit qütbləri planetin qoruyucu amili olaraq gələn elektromaqnit dalğalarını geri qaytararaq, həyatın davam etməsini təmin edir".
Alim son dövrlərdə Yerin maqnit sahəsinin dəyişdiyini qeyd edib:
"Xüsusilə 1996-cı ildən etibarən maqnit sahəsi Şimali Amerikadan keçərək Rusiyanın ərazisinə doğru yönəlməyə başlayıb. Bu dəyişiklik nəticəsində Sibir tərəfdə maqnit sahələrində çox böyük təhlükələr yaranıb. Bu cür dəyişikliklərin olması Yerin dərinliklərindəki lava yataqlarının artması və Yerin üst qatını təşkil edən qabığının alt hissəsində toplanan enerjisi ilə əlaqəlidir. Bu, əslində, yeni fəsadlar yarada bilər, amma hələlik bu dəyişikliklərin böyük bir təhdid yaratmadığını söyləmək olar".
O həmçinin Günəşin səthində baş verən partlayışların planetlərə təsir etdiyini və bunun nəticəsində, xüsusən Yerdə həyat üçün müəyyən risklərin yarandığını vurğulayıb.
"Elm və texnologiyanın inkişafı ilə bu cür hadisələr daha yaxşı izlənilir, tədbirlər görülür. Maqnit sahələrinə qarşı ən həssas olan qruplar yaşlı insanlar, uşaqlar və hamilə qadınlardır. Bu şəxslərin xüsusilə günün aktiv saatlarında evdə qalmalarını tövsiyə edir, bunun daha yaxşı olacağını düşünürəm. Azərbaycanda evlərin əksəriyyəti betonla tikildiyi üçün elektromaqnit dalğalarının təsiri burada daha azdır", - deyə Ə.Əliyev fikirlərini yekunlaşdırıb.
Məhərrəm Əliyev
Mənbə: oxu.az