AZ

Oleksandr Merejko: "Ukrayna üçün döyüş meydanında vəziyyət pis deyil"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Rusiya artıq strateji məğlubiyyətə uğrayıb, getdikcə tükənir və vaxt Ukraynanın xeyrinə işləyir".
Bu fikirləri Oxu.Az-a müsahibəsində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sabiq vitse-prezidenti, Ukrayna Ali Radasının Xarici əlaqələr komitəsinin sədri, professor Oleksandr Merejko deyib. Müsahibəni təqdim edirik:
- Ukrayna ilə bağlı gündəm həmişəki kimi gərgindir. ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinə güvəndiyini bəyan edib. O, Putinin Rusiya-Ukrayna müharibəsində sülh sazişi bağlamaq niyyətindən əl çəkməyəcəyinə əminliyini dilə gətirib. Sizcə, Trampın Putinlə bağlı gerçək düşüncəsi nədir? ABŞ prezidentinin Rusiya-Ukrayna müharibəsində əsas gedişi nə olacaq?
- Tramp təcrübəli siyasətçidir. O başa düşür ki, Vladimir Putinə etibar etmək olmaz. ABŞ prezidenti Putini danışıqlar masasına oturmağa sövq etmək üçün ona hörmət edirmiş kimi görünməyə məcburdur. Bu, sadəcə, Trampın oynadığı oyunun bir hissəsidir. O, həqiqətən, atəşkəsə nail olmaq istəyir, lakin bunun Rusiyanın şərtləri ilə olmasını istəmir. Ola bilsin ki, Putinlə razılaşmanın mümkünlüyü ilə bağlı illüziyalardan tamamilə qurtulmaq üçün Trampa bir qədər də vaxt lazımdır. Təcrübə göstərir ki, Putin heç vaxt əldə edilmiş razılaşmalara sadiq qalmır. O yalnız təzyiq altında nəsə edə bilər.
- Ukraynanın mövcud hərbi gücü nə yerdədir? Müharibənin sonrakı mərhələdə gedişatını necə görürsünüz?
- Hələ ki cəbhədə vəziyyət sabitləşib. Məsələ burasındadır ki, Rusiya qoşunları böyük şəhərləri ələ keçirə bilmir və işğal olunmuş ərazilərə nəzarəti saxlamaq onlar üçün getdikcə çətinləşir. Rusiya Qara dənizdəki hökmranlığını tamamilə itirib. Rusiyanın Kursk vilayətindəki ərazisinin bir hissəsi Ukrayna qoşunlarının nəzarəti altındadır. Rusiya özünü böyük dövlət kimi təqdim etməyə çalışır, amma ərazisinin bir hissəsi xarici qoşunların nəzarətindədirsə, ona necə böyük dövlət demək olar?! Ümumiyyətlə, Ukrayna üçün döyüş meydanında vəziyyət pis deyil. Rusiya artıq strateji məğlubiyyətə uğrayıb, getdikcə tükənir və vaxt Ukraynaya işləyir.
- Ukrayna xalqının Zelenskiyə inamının azaldığı ilə bağlı xəbərlər dərc olunur. Reallıq nə yerdədir?
- Əksinə, son həftələr Prezident Zelenskiyə inam kəskin şəkildə artıb. Son media sorğularına görə, ukraynalıların təxminən üçdəüçü Zelenskiyə güvənir. Buna, xüsusən də Zelenskinin Prezident Trampın qarşısında Ukraynanın maraqlarını cəsarətlə müdafiə etməsi səbəb olub. Ukrayna xalqı Zelenskini etibarlı müharibə lideri kimi görür.
- Bəs Ukrayna hansı dövlətlərdən gözlədiyi dəstəyi ala bilmədi?
- Gürcüstan, Türkiyə və Azərbaycanın da daxil olduğu strateji tərəfdaşlarımıza nəzər salsaq, təbii ki, onlardan daha çox dəstək gözləyirdik. Gürcüstan bizim üçün müəyyən məyusluq oldu. Türkiyə 1936-cı il Montrö Konvensiyasına əsasən Qara dəniz boğazlarını bağlayanda bizə kömək etdi. Biz görürük ki, Azərbaycan Ukraynaya humanitar yardımlar edir və biz bunu çox yüksək qiymətləndiririk. Ukrayna Azərbaycanın Qarabağ üzərində suverenliyini daim dəstəkləyib.
- Sizcə, Rusiya-Ukrayna müharibəsi tarixə hansı izi qoyacaq?
- Müharibə ilə bağlı təhlükələrdən biri də odur ki, Rusiya beynəlxalq asayişi, beynəlxalq hüququ dağıtmağa çalışır, bizi 21-ci əsrdən 19-cu əsrə sürükləyir. Beynəlxalq münasibətlərdə qanun əvəzinə, gücün aliliyini tətbiq etməyə cəhd göstərir. Bəşəriyyət buna imkan verə bilməz. Bundan əlavə, nüvə dövləti təhlükəsizlik zəmanətinə ümid edərək nüvə silahını təhvil vermiş dövlətə hücum edəndə bu, bütün bəşəriyyət üçün təhlükə yaradır. Çünki digər dövlətlər bu vəziyyətə baxıb düşünürlər: bəlkə, öz təhlükəsizliklərini təmin etmək üçün beynəlxalq hüquqa deyil, öz nüvə silahlarına arxalanmalıdırlar? Yəni müharibəni dayandırıb, cinayətkarı cəzalandırmaq mümkün olmasa, bu, bəşəriyyət üçün çox mənfi nəticələr verəcək.
Məhərrəm Əliyev
Seçilən
62
50
oxu.az

10Mənbələr