AZ

Makronun demokratiya və plüralizmə zərbəsi: Le Pen niyə bütün səviyyələrdə bloklanır?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Fransa Emmanuel Makronun rəhbərliyi altında ölkədə siyasi plüralizmi və demokratik mexanizmləri kölgədə qoyan ciddi problemlərlə üzləşir. Belə ki, Paris məhkəməsi Marin Le Pen və "Milli Birlik" partiyasından olan daha səkkiz deputatı parlament köməkçiləri işində təqsirli bilib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu qərar Makronun rəhbərlik etdiyi hökumətin siyasi opponentlərlə mübarizədə məhkəmə rıçaqlarından necə istifadə etdiyi ilə bağlı müzakirələrə səbəb olub.
Məhkəmənin qərarı ilə Le Pen dörd il müddətinə (iki il şərti və iki il elektron qolbaqla) azadlıqdan məhrum edilib. Bundan başqa məhkəmə Le Penə beş il müddətində dövlət orqanlarına seçilməyi qadağa qoyub. Məhkəmə qərara gəlib ki, hökm təcili yerinə yetirilməlidir. Hökm onun 2027-ci ildə prezidentliyə namizədliyini irəli sürməsinə mane ola biləcək seçilmək hüququnun itirilməsini nəzərdə tutur.
Bununla məhkəmə sistemi siyasi arbitr rolunu öz üzərinə götürür, kimin ən yüksək dövlət vəzifəsinə namizəd olmağına qərar verir.
Bir çox analitiklər qeyd edirlər ki, hakimiyyətin bu cür hərəkətləri demokratik institutlara inamı sarsıdır. Hətta Le Penin bəzi siyasi rəqibləri, o cümlədən Baş nazir Fransua Bayru və ədliyyə naziri Gerald Darmanen də seçki prosesinə məhkəmə müdaxiləsindən narahat olduqlarını bildiriblər.
Marin Le Pen təqiblərə məruz qalmasına baxmayaraq, Fransanın ən məşhur siyasi fiqurlarından biri olaraq qalır. Sorğulara əsasən, 2027-ci il prezident seçkisinin birinci turunda onun reytinqi 34-37% arasında ola bilər ki, bu da digər namizədlərdən xeyli yüksəkdir. Bu vəziyyət hazırkı hakimiyyəti açıq şəkildə narahat edir və onun seçkidə iştirakına qadağa qoyulması siyasi rəqibi süni şəkildə zəiflətmək cəhdi kimi görünür.
Fransa elektoratı son illərdə sağçılara dəstək nümayiş etdirir və bu, Avropa siyasətində daha geniş tendensiyanı əks etdirir. Le Penin yarışdan kənarda qalması onun tərəfdarları arasında etiraz əhvali-ruhiyyəsinin daha da güclənməsinə səbəb ola bilər.
Le Penin seçkidə iştirakına qadağa qoyulması ikili təsir doğura bilər. Bu, bir tərəfdən Makronun əsas rəqibini müvəqqəti olaraq uzaqlaşdırır. Digər tərəfdən, belə bir addım anti-sistem əhvali-ruhiyyəsinin güclənməsinə, Le Pen tərəfdarlarının səfərbər olması və siyasi mənzərənin radikallaşmasına səbəb ola bilər.
Bundan əlavə, "Milli Birlik" partiyasının ehtiyat namizədi, Le Penin elektoratını ələ keçirməyə qadir olan gənc və enerjili siyasətçi Cordan Bardella var. Məhkəmənin hökmü daha geniş rezonans doğuracağı təqdirdə, Bardella seçicilərini cəlb edərək güclü namizəd ola bilər.
Fransa demokratiyası ciddi sınaq qarşısındadır. Siyasi rəqibləri aradan qaldırmaq üçün məhkəmə mexanizmlərindən istifadə seçki prosesinin bütövlüyünü şübhə altına alır. Bu gün Fransanın qarşısında duran sual ondan ibarətdir ki, o, demokratiya və plüralizm prinsiplərinə sadiq qalacaqmı, yoxsa məhkəmə və inzibati alətlərdən seçkini manipulyasiya və müxalifəti zəiflətmək üçün istifadə olunacaqmı?
Fransa qarşıdakı illərdə kütləvi etirazlar da daxil olmaqla yeni problemlərlə üzləşə bilər. Marin Le Penin seçkidə iştirakına qadağa qoyması ölkənin gələcəyini müəyyən edəcək böyük siyasi oyunda ilk addım ola bilər.
Seçilən
31
50
oxu.az

10Mənbələr