AZ

"Azərbaycanın milli və dövlət maraqlarını üstün tutan bütün siyasi qüvvələrlə əməkdaşlıq ediləcək" - Deputat

Siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədilə Prezident Administrasiyası tərəfindən Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının, Ədliyyə və Maliyyə nazirliklərinin, habelə 25 siyasi partiyanın nümayəndələrinin iştirakı ilə görüş təşkil olunub.

Bununla bağlı "Unikal"a açıqlama verən Milli Məclisin deputatı Mahir Abbaszadə bildirib ki, Azərbaycanda müxtəlif siyasi qüvvələr arasında konstruktiv əməkdaşlıq, sağlam siyasi dialoq və ümummilli məsələlərdə həmrəylik mühitinin formalaşması istiqamətində mühüm addımlar atılmaqdadır.

Onun sözlərinə görə, bu məsələdə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin və Yeni Azərbaycan Partiyasının (YAP) xüsusi rolu var:

"Azərbaycan hakimiyyəti hər zaman ölkədə siyasi sabitliyin, partiyalar arasındakı siyasi münasibətlərin normal müstəvidə olması üçün lazımi addımlar atır. Əslində, 44 günlük Vətən müharibəsi dövründə milli maraqları siyasi mənafedən üstün tutan bütün siyasi qüvvələr eyni mövqedə oldular.

Azərbaycan xalqı da hər zaman milli maraqları öndə tutan siyasi qüvvələrin yanındadır. Kimlərsə bu birliyi pozmağa, guya, ölkədə siyasi sabitliyin olmadığı barədə fikir formalaşdırmağa çalışsa da, bu cəhdlər uğursuz olur. Onsuz da, siyasi sabitliyin qüvvələrarası sağlam dialoqun olmaması istəyən xarici qüvvələr burada hansısa anti-milli tərəfdaşlar tapırlar. Ancaq artıq Azərbaycan xalqı həmin qüvvələrin kim olduğunu yaxşı bilir. Ona görə də, ətraflarında 3-5 nəfər adamdan başqa heç kim qalmayıb. 

Bu gün Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə iştirak edən bütün siyasi partiyalar sərbəst şəkildə öz fikirlərini ifadə etdilər, qarşılaşdıqları problemlər barədə çıxış etdilər. Həmin problemlərin həlli istiqamətində müzakirələr aparıldı.

Bir daha qeyd edim ki, ortada bir siyasi iradə var. Azərbaycanın milli və dövlət maraqlarında uyğun olan bütün siyasi qüvvələrlə əməkdaşlıq ediləcək. Mövcud sağlam siyasi dialoq mühiti göstərir ki, ölkəmizdə demokratik ənənələr lazımi istiqamətdə inkişaf edir", - deyə o qeyd edib.

Seymur Əli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
178
50
unikal.az

10Mənbələr