Bu sahəyə dövlət dəstəyi güclənməli, böyük sahələrdə bağlar salınmalı, məhsulların yerli və xarici bazara çıxışı artırılmaldır Azərbaycan iqtisadiyyatının aqrar sektorunda ən unikal və perspektivli sahələrdən biri də zeytunçuluqdur. Çox qədimlərdən Azərbaycanda yetişdirilən zeytun təkcə qida vasitəsi deyil, həm də dərman vasitəsidir. Ən çətin şəraitdə belə yetişən, dözümlü, uzunömürlü olan bu bitki bol məhsul verməsi ilə seçilir. Azərbaycanda zeytunçuluğun böyük potensialı var, lakin təəssüf ki, hələlik bu potensialdan tam istifadə edilmir. Bəs zeytunçuluq iqtisadi baxımdan nə vəd edir, bu sahədə hansı problemlər, hansı perspektivlər var? Bu yazımızda həmin suallara cavab axtarmışıq. Azərbaycanda zeytunçuluğun iqtisadi əhəmiyyəti Zeytun sənaye əhəmiyyətli spesifik bir sahə olaraq dünyanın bəzi ölkələrində mühüm gəlir mənbəyidir. Zeytun bağları sahəsinə və istehsal həcminə görə ən böyük 5 ölkə İspaniya, İtaliya, Yunanıstan, Tunis və Suriyadır. Bu ölkələr zeytun meyvəsindən və onun emalından yüz milyonlarla gəlir əldə edirlər.Respublikamızda zeytunçuluq üzrə ilk təsərrüfat 1949-cu ildə Zığda təşkil edilib. Abşeron Zeytun Sovxozuna məxsus bu bağdan 1955-ci ildə 7 tona qədər meyvə yığılmışdı. 80-ci illərdə zeytun bağlarından ildə təxminən 2000 tona yaxın məhsul yığılırdı. Həmin dövrdə Azərbaycanda zeytun bağlarının ümumi sahəsi 3 min hektar təşkil edib.Lakin, Sovet İttiqafının süqutundan sonra- 90-cı illərində digər istehsal sahələri kimi, zeytunçuluq da tənəzzülə uğradı. Belə ki, torpaqlar özəlləşdirildikdən sonra zeytun ağaclarının xeyli hissəsi sıradan çıxarıldı və yerdə qalan bağların məhsuldarlığı da qayğısızlıq ucbatından aşağı düşdü. Zeytun bağlarının tutduğu ərazi yarıbayarı azaldı. Nəticədə Abşeronda 1500 hektar zeytun bağı qalmışdı.Dünya bazarında zeytun yağının tonu 5 min dollardan bahadır. Azərbaycan da bu bazara daxil ola, həm yerli tələbatı ödəyə, həm də ixrac edə bilər. Zeytun yağından illik olaraq 1 milyard ABŞ dolları gəlir əldə etmək üçün Azərbaycanda təxminən 150 min hektar ərazidə zeytun bağları salmaq lazımdır.Qeyd edək ki, ölkədə pambıq əkinləri 140 min hektara yaxındır və bunu zeytunla əvəzləmək həm iqtisadi, həm ekoloji cəhətdən faydalı olar. Əlavə olaraq, subtropik və aran zonalarındakı boş ərazilərdə belə bağları salmaq mümkündür. Xüsusən də qeyd etmək lazımdır ki, zeytun ağacları 2000 il yaşayır.Hazırda Azərbaycanda 7000 hektara yaxın zeytun sahəsi var. İldə 1000 tondan artıq ton zeytun yağı istehsal olunur. Lakin potensial bundan dəfələrlə çoxdur. Zeytunçuluğun inkişafını sürətləndirmək üçün nə etməli? Fikrimizcə, emalın genişləndirilməsi, istehsalın artması üçün köhnə bağların bərpası da efektiv ola bilər. Təəsüflər olsun ki, bir çox sahələrdə məhsuldar ağaclar qırılaraq yaşayış yeri inşa edilib, kafe və ya restoran tikilib. Bu sahə gəlir səviyyəsinə görə yüksəkdir, ona görə də bu sahəyə daha çox qayğı göstərmək lazımdır, nəinki ağacları məhv edib yerində tikililər inşa etmək.Zeytunçuluğun inkişafı üçün böyük sahələr lazımdır. Kiçik torpaq sahələrində zeytunçuluğu inkişaf etdirmək səmərə verməz, ona görə ki, yağ əldə etmək üçün gərək onu yığdırıb emal etdirəsən. Bizim bir çox fermerin emal etmək üçün imkanı və şəraiti yoxdur. Belə olanda pay torpağında istehsal az olur və burda qazancı daha çox emalla məşğul alan sahibkar qazanacaq.Kiçik sahələrdə zeytun əkənlər onu turşu kimi qoyub satırlar. Özü də elə də ucuz deyil- mağazalarda kq-i 10-15 manat arasında satılır. Demək bu meyvəçilikdə ən gəlirli sahələrdən biridir.Ona görə də, bu sahədə dövlət dəstəyi güclənməlidir. Bu sahəyə subsidiya verilməli, öznüməşğulluq proqramı çərçivəsində müəyyən qədər torpaq sahəsi olanlara pulsuz tinglər verilməlidir. Çünki bu sahə əhalinin məşğulluğunu təmin edəcək. Burda həm bağbanlar özünə iş tapa bilər, həm emal sahəsində işlər yaranar, məhsulun satışını həyata keçirə biləcək insanlar bu işə cəlb oluna bilər. Hökumət zeytunçuluğun inkişafı üçün xüsusi proqram qəbul etməlidir. Bizim üçün böyük bazar var, o bazarda möhkəmlənməliyik Rusiya bazarında zeytun məhsulları ixracı üzrə SSRİ respublikaları arasında Azərbaycanın payı 80 faizdir. Digər ölkələrin ümumilikdə payına isə 20 faiz düşür. Bu da onu göstərir ki, digər ölkələrdə zeytunçuluq elə də inkişaf etməyib. Bizim artıq bazarımız var, qalır bu bazarda daha böyük nailliyyət əldə etmək. Bunun üçün bizə bu sahəni genişləndirmək, məhsuldarlığı artırmaq lazımdır.Böyük miqyasda zeytun bağları salınsa bunun ekologiyamıza da müsbət təsirləri olar. Çünki bu, sadəcə bir gəlirli təsərrüfat sahəsi deyil, həm də böyük bir meşədir. Zeytun Azərbaycanın iqlim şəraitinə yaxşı uyğunlaşır və dözümlüdür. Küləyə və istiyə dözür. Emal olunan məhsullardan həm qidalanmada, həm də əczaçılıqda istifadə edilir.Mağazalarda apardığımız müşahidələr, satıcılarla söhbətimiz göstərdi ki, son vaxtlar yerli zeytun məhsullarına maraq artıb. Buna bir sıra mühüm faktorlar təsir göstərir. Əvvəla, yerli zeytun yağı və konservləşdirilmiş meyvəsi xarici analoqlarından 50 faiz ucuzdur. Məsələn, 1 litrlik yerli yağlar 10-13 manat aralığında satılır, xarici yağların qiyməti isə 15-25 manat aralığında olur. Eləcə də, turşuya qoyulmuş xarici zeytun meyvəsinin kq-ı 10-15 manat arasındadır, yerli zeytunda isə qiymət 5-10 manat arasındadır.Yeri gəlmişkən, təəccüblü məqam odur ki, təzə zeytun meyvəsi satışdan tapılması mümkün olmayan yeganə meyvədir. Yalnız hazır turşu halında satılır, halbuki, bir çox vətəndaşlar meyvəsini alaraq evdə dərmansız (duzla) turşusunu hazırlamaq istəyirlər. Lakin heç yerdə təzə meyvəsi satılmır. Bu çox təəccüblü haldır... Zeytunçuluğu gəlirli sahəyə çevirmək mümkündür Azərbaycanın dünya bazarına ekoloji cəhətdən təmiz zeytun məhsulları ilə daha böyük miqyasda çıxması üçün çox gözəl perspektivi var. Müqayisə üçün deyək ki, İspaniya zeytun ixracından ildə 5 milyard, İtaliya 2,5 milyard, Yunanıstan 1,5 milyard, Tunis və Suriya isə 700 milyon dollar civarında gəlir götürürlər. Azərbaycanın isə bu sahədən ən azı 1 milyard gəlir əldə etmək potensialı var. Bunun üçün fermerlərə istiqamət verməli, yönləndirməliyik. Onlara dövlət dəstəyi göstərilməlidir. Post-neft sövrü üçün ən gəlirli sahələrdən olacaq zeytunçuluğun inkişafı ilə bağlı xususi Dövlət Proqramı hazırlanmalı və həyata keçirilməlidir.Düzdür, Abşeron torpağı zəif torpaq hesab olunur, ona görə də biz çalışmalıyıq ki, bu torpaqda qida elementlərini artıraq. Buna da üzvü gübrələrin verilməsi hesabına nail olmaq olar. Bitki qalıqlarını yığıb onların çürüdülməsini həyata keçirmək və onu zeytun bağlarına vermək lazımdır ki, torpaqda olan mikroorqanizmlər həmin üzvü maddələri qeyri-üzvü minerallara çevirib bitkiyə ötürə bilsin.Ümumi müşahidələrə görə də, yerli bazarda zeytun məhsullarına tələbat getdikcə artır. Lakin bazarda idxal məhsulları üstünlük təşkil edir. Deməli, zeytunçuluğu daha da inkişaf etdirməklə bu sahədə idxala son qoymaq, əhalini daha keyfiyyətli, daha ucuz zeytun yağı və konservləri ilə təmin etmək olar ki, bu da öz növbəsində həm bu sektordan gələn gəlirlərin artmasına, həm də bazarda ucuzluğun yaranmasına səbəb olacaq.Keyfiyyətli, zəngin tərkibli, müalicəvi zeytun meyvəsi və yağı ilə qidalanmaq insanlarımızın sağlamlığına öz müsbət təsirini göstərəcək. Son nəticədə isə bu ölkə iqtisadiyyatının qeyri-neft sektorunda əhəmiyyətli və perspektivli bir sahənin inkişafına öz töhfəsini verəcək. Elçin Bayramlı
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta