“Bakıda avtobus marşrutlarının optimallaşdırılması üzərində iş gedir”.
Bunu “Azərbaycanda mobilliyin transfirmasiyası proqramı”nın təqdimatında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib.
O qeyd edib ki, bu gün Bakıda 180-ə yaxın marşrutu xətti var:
“Bütün bunlar təhlil edilib. Təhlillərin nəticəsi göstərir ki, onların yarısı yenilənməlidir. Bu, sərnişinlərə çətinlik yaratmayacaq. Sadəcə əhalinin rahatlığı üçün marşrut xətlərinin təkmilləşməsi və marşrutların yarıya qədər azaldılması planlaşdırılır”.
Bildirək ki, bu gün Bakının əsas problemlərindən biri də məhz avtobus marşrutları ilə bağlıdır. Bu sahədə mövcud problemlərə dəfələrlə, hətta dövlət səviyyəsində belə, toxunulmasına baxmayaraq, məsələ öz həllini tapmayıb. Yəni ötən dövr ərzində ictimai nəqliyyatla bağlı problemin həlli istiqamətində bir sıra tədbirlər həyata keçirilsə də, hələlik vətəndaşlar eyni aqibəti yaşamaqdadırlar.
Belə ki, bu sahədə problemin həlli yollarından biri kimi agentliyin idarəçiliyi müxtəlif dövlət qurumlarına verilsə də, bu sahədə heç bir dəyişiklik müşahidə edilmədi. Bundan başqa ictimai nəqliyyatda problemin həlli yolu kimi digər variant, qiymət artımına gedilsə də, bu da heç bir nəticə vermədi. Yəni vətəndaşlar yenə uzun müddət dayanacaqda avtobus gözləyirlər ki, nəhayət, xeyli müddətdən sonra gələn marşrutlara isə artıq sıxlıq səbəbindən minə bilmirlər.
Bu gün artıq Bakıda avtobus marşrutlarının optimallaşdırılması üzərində iş gedirsə, bu da yaxşı heç nə vəd etmir. Reallıq odur ki, ictimai nəqliyyatla bağlı strategiya heç bir müsbət nəticə verməyib.
Əgər bu gün müxtəlif saatlarda əhali avtobus marşrut tapa bilmirsə, optimallaşdıqdan sonra pik saatlarda nə edəcək?
Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov “Cebhe.info”-ya bildirib ki, optimallaşdırmada əsas məqsəd marşrutların sayının azaldılması olsa da, vətəndaşların bir nöqtədən digər nöqtəyə bir marşrutla hərəkətini təmin etməkdir:
“Bu o deməkdir ki, məsələn, vətəndaş Yasamaldan Binəqədiyə getmək üçün bir neçə avtobus dəyişirdi. Ancaq indi məqsəd odur ki, həmin ərazidən digərinə konkret bir avtobusla gedə bilsin.
Belə olduqda marşrutların sayı azaldıla bilər. Ancaq əsas qalacaq bir marşrutun məsafəsi də uzun olacaq. Eyni zamanda marşruta buraxılacaq avtobusların sayı da artırılacaq ki, vətəndaşların fasiləsiz daşınması həyata keçirilsin”.
Qeyd edək ki, bu gün mövcud avtobus marşrutlarının sayı belə, sərnişinləri təmin etmir. Yəni hazırki sərnişin sıxlığının yaranmasının bir səbəbi də məhz marşrut avtobusların sayının azlığıdır.
Artıq yeni ildən marşrut avtobuslar optimallaşdırılarsa bu, onların sayının daha azalmasıdır. Yəni bir nöqtədən digər mənzilə kimi maşrut məsafəsi uzadılmasına baxmayaraq, sayın azalması həm dayanacaqlardakı “insan selinin”, həm gözləmə müddətinin daha da artmasına gətirib çıxaracaq.
Görünən odur ki, avtobus marşturları ilə bağlı optimallaşma paytaxt sakinlərinə növbəti “sürpriz” vəd edir. Beləliklə, hazırda marşrut avtobusların qapılarından tutaraq gedən sakinləri, Hindistan marşrut avtobuslarındakı aqibət gösləyir.