AZ

İlham Əliyev yeni reallıq yaratmaqla Azərbaycanı regionun liderinə çevirdi - Yakub Koreyba

Prezident İlham Əliyev yeni reallıq yaratmaqla Azərbaycanı regionun liderinə çevirdi.

Bu barədə Trend-ə polşalı politoloq, siyasi elmlər namizədi Yakub Koreyba deyib.

"Prezident İlham Əliyev son 20 il ərzində öz strategiyasını yaradaraq həyata keçirə bildi. Müasir ölkələrin, o cümlədən, Avropa İttifaqı ölkələrinin ən əsas problemləri üzərinə məsuliyyət götürmək istəməyən liderlərin, siyasətçilərin olmamasıdır", - Koreyba deyib.

O, Azərbaycanın öz vədlərini yerinə yetirən liderinin olduğunu qeyd edib.

"Son 20 ilin nailiyyətləri kontekstində təkcə iqtisadi deyil, həm də siyasi, strateji və hərbi nailiyyətlərdən danışmaq olar. Bütün bunlar statistika ilə, məlumatlarla təsdiqlənir. Ən əsası, mənim fikrimcə, insanların həyatının, Azərbaycan reallığının dəyişməsi bunu təsdiqləyir. Çünki dövlət və onun institutları insanların daha yaxşı yaşaması üçündür.

Azərbaycan bu illər ərzində böyük inkişaf yolu keçib, bu gün Azərbaycan tamamilə başqa ölkədir, burada həyat səviyyəsi artıq fərqlidir. Bu gün Azərbaycan son 20 il ərzində çox iddialı siyasi, iqtisadi və strateji gündəm həyata keçirən ölkədir. Bu, getdikcə sürətini yavaşlatmayan, qarşısında yeni hədəflər qoyan və onları reallaşdırmaqda tam qətiyyətli olan ölkədir. Bu, güclü və məqsədyönlü lider olmadan mümkünsüz olardı. Azərbaycanda yüksək liderlik keyfiyyəti bu gün Azərbaycanı digər ölkələrdən fərqləndirən xüsusiyyətdir. Bu, həm postsovet məkanında, həm də Avropada çatışmayan keyfiyyətdir", - Koreyba deyib.

Politoloq qeyd edib ki, Azərbaycanın 20 il ərzindəki əsas nailiyyətlərindən biri ərazi bütövlüyünün bərpa olunmasıdır.

"Postsovet məkanının bir sıra ölkələri hələ də öz suverenliklərini möhkəmləndirib qorumağa nail olmayıblar. Azərbaycan isə ərazi bütövlüyünü özü bərpa etməklə müstəqil, suveren ölkə olaraq özünü təsdiqlədi. Son 20 il ərzində Azərbaycan beynəlxalq arenada, beynəlxalq münasibətlər sistemində yerini möhkəmləndirdi. Bu gün Azərbaycanın öz ərazisinə nəzarət edən güclü, müasir və müstəqil ölkə olduğuna dair heç kimin şübhəsi yoxdur. Bundan başqa, Azərbaycan böyük dövlətlər və ya maraq qrupları arasında mübarizə vasitəsinə çevrilmədi, bu isə Prezident İlham Əliyevin böyük nailiyyətidir", - o deyib.

Koreyba qeyd edib ki, Prezident İlham Əliyev təkcə ölkənin ərazi bütövlüyünü bərpa etmədi, həm də bunu strateji və diplomatik nöqteyi-nəzərdən məharətlə edərək, böyük dövlətlərlə münaqişənin qarşısını aldı və bütün əsas beynəlxalq tərəfdaşlarla yaxşı münasibətləri qoruyub saxladı.

"Lazımi tədbirlər üçün lazımi vaxtı seçməkdən ötrü bu nəhəng strateji möhkəmlik, eləcə də, müasir beynəlxalq münasibətlərin fəaliyyət məntiqini bilməyi tələb edirdi. Bu gün Azərbaycan bütün beynəlxalq tərəfdaşları ilə konstruktiv əlaqələr quran ölkədir. Azərbaycan regionda yeni reallıq yaratdı və burada Ermənistanın Azərbaycanla konstruktiv əməkdaşlıqdan başqa seçimi yoxdur.

Azərbaycan beynəlxalq münasibətlərini elə qurur ki, hər bir tərəfdaşına müsbət gündəmin reallaşdırılmasına hazır olduğunu nümayiş etdirə bilsin. Bakı münaqişələrə, ziddiyyətlərə və mümkün mübahisələrə deyil, müsbət potensiala fokuslanır. Bu, müasir dünyada çox nadir keyfiyyətdir. Azərbaycan daima tərəfdaşları üçün açıqdır, daima hər bir tərəfə sərfəli təşəbbüslər təklif edir və ziddiyyətləri minimuma endirir. Bu xüsusən, dünyanın bu cür strateji əhəmiyyətli regionunda yerləşən ölkə üçün çox dəyərli xüsuiyyətdir", - Koreyba deyib.

Politoloq Azərbaycanın etibar oluna biləcək lider ölkə kimi davrandığını qeyd edib.

"Hətta Azərbaycan xalqının başına çox müsibətlər açmış, cinayətlər törətmiş Ermənistana qarşı Azərbaycan maksimum dərəcədə konstruktiv davranır. Azərbaycanda başqa cür düşünsə idilər, digər ssenariyə fokuslanardılar, Ermənistan öz mövcudluğunu dayandırardı. Hətta bu planda, Ermənistan kimi problemli tərəfdaşa qarşı Azərbaycanın konstruktiv, gələcəkyönümlü təklifini, problemləri həll etmək və regional tərəfdaşlara çevrilmək təklifini görürük. Bu, müasir dünyada unikal mövqe olmaqla Azərbaycanı digər ölkələrdən müsbət şəkildə fərqləndirir", - Koreyba deyib.

Onun sözlərinə görə, beynəlxalq arenada Azərbaycan ABŞ, Avropa İttifaqı (Aİ), Rusiya və Çin kimi əsas oyunçuların əsas tərəfdaşıdır.

"Məhz Azərbaycan kimi qoruyacaqları suveren gündəmə malik olduğunu sübut etmiş, tərəfdaşlarına qarşı məsuliyyətli və konstruktiv yanaşmaya malik ölkələr regionlarının liderlərinə çevrilir. Həm Aİ, həm Çin, Rusiya və ABŞ Azərbaycana Cənubi Qafqazın lideri olaraq baxır. Əlbəttə, bir sıra ölkələr, o cümlədən Aİ ölkələri Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirir. Bu isə maraqların toqquşması ilə izah olunur. Bəzi ölkələr digərlərinin hesabına nəsə etmək, əldə etmək və reallaşdırmağa çalışır.

Bu cür ölkələr Aİ-də də var. Azərbaycanı nəyəsə məcbur etmək, onunla ultimatium dilində danışmaq cəhdləri var, lakin onlar uğursuzluğa düçardır. Azərbaycan dövləti, onun institutları, ordusu xalqın iradəsini həyata keçirir. Azərbaycan daima onun suverenliyinə və müstəqilliyinə hörmət edən ölkələrlə əməkdaşlığa hazırdır. Çünki Azərbaycanın suverenlik məsələsi heç bir danışıq və ya müzakirə mövzsusu deyil", - polşalı politoloq deyib.

Koreyba bildirib ki, öz gündəmini reallaşdıran suveren, müstəqil və güclü Azərbaycan təkcə Cənubi Qafqazda deyil, həm də qonşu regionlarda, o cümlədən bütünlükdə Avrasiyada sülhün, sabitliyin, inkişafın və rifahın təminatıdır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
191
50
milli.az

10Mənbələr