Avropa İttifaqında (Aİ) korrupsiya halları artmaqdadır. 2023-cü ildə Aİ-də korrupsiyanın səviyyəsi son 10 ildə ən yüksək səviyyəyə çatıb.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə “Transparency International” təşkilatının “Korrupsiyanın səviyyəsinin qiymətləndirilməsi” hesabatında bildirilir. Qeyd olunur ki, 2023-cü ildə Avropa məkanında korrupsiyaya ən az məruz qalan ölkə Danimarkadır. İkinci yerdə isə Finlandiya qərarlaşıb.
Təşkilatın ekspertləri 180 ölkədə 100 ballıq şkala ilə korrupsiyanın səviyyəsini öyrənib və hesabat hazırlayıblar.
İnkişaf səviyyəsinə baxmayaraq, Avropanın özünü “demokratik” hesab edən bir sıra ölkələri də aşağı balla qiymətləndirilib. Ötən illərlə müqayisədə İsveçrə (82), Niderland (79), İslandiya (72) və Böyük Britaniyada (71) korrupsiyanın səviyyəsi xeyli yüksəlib.
“Transparency International” təşkilatının Qərbi Avropa üzrə regional əlaqələndiricisi Flora Kressvel bildirib ki, bu gün dünyada demokratiya böhranı yaşanır və bu, Avropa dövlətlərindən də yan keçməyib. Qərbi Avropa ölkələrində korrupsiyanın səviyyəsinin artması bu ölkələrdə demokratiyanın arxa plana keçdiyini deməyə əsas verir. Hesabatda göstərilən faktlar Qərbi Avropa dövlətlərinin korrupsiyaya qarşı daha ciddi mübarizə aparmalı olduqları zərurətini ortaya qoyur.
Ekspert bildirib ki, Qərbi Avropa dövlətləri özlərinin dəyər və normalarını qorumalı, korrupsiyaya qarşı mübarizəni gücləndirməli, məhkəmə-hüquq sistemini kənar müdaxilələrdən müdafiə etməli və hüququ siyasiləşdirməməlidir.
Təşkilatın hesabatında göstərilir ki, Avropa dövlətlərinin dörddə üçündə korrupsiyaya qarşı mübarizə ya aparılmır, ya da çox ləng gedir.
Hesabatın müəllifləri qeyd ediblər ki, hətta korrupsiyanın səviyyəsinin çox aşağı olduğu dövlətlərdə belə məmurlar tutduqları vəzifədən sui-istifadə edirlər. Bəzi iri şirkətlər xarici bazarlara çıxmaq üçün dövlət qulluqçularına rüşvət verir.
Hesabatda “Shell” neft şirkətinin Nigerdə dövlət məmurlarına külli miqdarda rüşvət verdiyinə görə məhkəmədə bəraət hökmü almasının təəccüb doğurduğu vurğulanıb. Sensasiya yaradan faktlardan biri də Danimarka, Almaniya və İsveç banklarının adlarının “çirkli pulların yuyulması”nda hallanmasıdır. Diqqətə çatdırılıb ki, bu banklara ya dövlət tərəfindən nəzarət edilməyib, ya da onların “çirkli pulları yumaq” işinə bilərəkdən göz yumulub.
Təşkilatın ekspertləri bildirir ki, İsveçrə dünyada hələ də “çirkli pulların yuyulması” məkanı kimi tanınır.