Bakı, 1 noyabr, AZƏRTAC
Noyabrın 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kollecində “Təhsil müəssisələrinin narkomanlığa qarşı mübarizədəki rolu” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Maarifləndirmə tədbiri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu ilə Azərbaycan Respublikası Gənclər Fondu arasında imzalanmış Tədbirlər Planına müvafiq olaraq, Bakı Neft-Energetika Kolleci ilə əməkdaşlıq çərçivəsində təşkil olunub.
Dövlət Komissiyasından AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Bakı Neft-Energetika Kollecinin təlim-tərbiyə işləri üzrə direktor müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun məsul əməkdaşı, Gənclər Fondunun, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin nümayəndələri və Respublika Narkoloji Mərkəzin klinik psixoloqu iştirak edərək gənclər arasında narkotik vasitələrin istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat veriblər. Həmçinin gənclərin asudə vaxtının səmərəli təşkilinin, idman, incəsənət və ictimai faydalı əməklə məşğul olmağının vacibliyi xüsusilə vurğulanıb.
Sonra tələbələri maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Sonda Dövlət Komissiyasının işçi qrupunun hazırladığı “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları şagirdlər arasında paylanılıb.
![](https://azertag.az/files/galleryphoto/2023/3/1200x630/16988466661302942814_1200x630.jpg)
![](https://azertag.az/files/galleryphoto/2023/3/1200x630/16988466665899635982_1200x630.jpg)
![](https://azertag.az/files/galleryphoto/2023/3/1200x630/16988466662519938713_1200x630.jpg)