AZ

Çəkiliş meydançasında aktyoru öldürmək istəyən Xalq artisti Tofiq Tağızadənin anım günüdür

“Görüş”, “7 oğul istərəm”, “Arşın mal alan”, “Mən ki gözəl deyildim”, “Bağ mövsümü”, “Dədə Qorqud”, “Uzaq sahillərdə”, “Onun böyük urəyi”, “ Babamın babasının babası” və sair filmlərin rejissoru Tofiq Tagızadənin anadan olmasının 105 illiyidir. 40 ildən artıq müddətdə Azərbaycan kinosunun inkişafına mühüm töhfələr vermiş rejissor  filmləri ilə həm kino tariximizdə, həm də tamaşaçı qəlbində iz qoyan sənətkarlardandır. O, təbiətən, iliyinəcən rejissor idi. Əsl rejissor qəribə olmalıdır. Onda da qəribəliklər var idi. 



Tofiq Mehdiqulu oğlu Tağızadə 7 fevral 1919-cu ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlib. O, 1938-ci ildə Azərbaycan Sənaye İnstitutunun Energetika fakültəsinə qəbul olub. Amma bu institutda təhsilini başa çatdıra bilmədi. Müharibə Tofiq Tağızadənin də həyatını məcrasından çıxardı. Üçüncü kursda təhsilini yarımçıq qoyaraq cəbhəyə yollandı. 1941-ci ildə Rostov yaxınlığında gedən döyüşlərdən birində ağır yaralandı. Döyüş yolu bununla bitsə də, o dəhşətli günlərin xatirələri yaddaşından heç zaman silinmədi…



Geri döndükdən sonra Sənaye İnstitutunda təhsilini davam etdirmədi və 1946-cı ildə Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinorejissorluq fakültəsinə daxil oldu. Arzusunda olduğu bir aləmə düşdü. Bu ali təhsil ocağında məşhur kino xadimlərindən və pedaqoqlardan dərs aldı.



Bir müddət Moskvada çalışdı. Ancaq Tofiq Tağızadə vətəninə xidmət etmək arzusundaydı. Bu istək onu 1954-cü ildə Bakıya gətirdi. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında fəaliyyətə başladı.



Çeçenistanın Əməkdar incəsənət xadimi (1964), Əməkdar incəsənət xadimi (1960), Xalq artisti (1976) Tofiq Tağızadə 1998-ci ildə vəfat edib.



“7 oğul istərəm” filminin çəkilişləri zamanı kadrlardan biri heç cür yaxşı alınmır. Filmdə kəndçi roluna çəkilən Eldəniz Zeynalov damın üstünə çıxıb bayraq asarkən güllə ilə vurulmalı və ölüb yerə yıxılmalı idi. Lakin 20-25 dəfə təkrara baxmayaraq, səhnə  alınmır. Eldəniz hər dəfə ya gülür, ya da zarafat edir. Bu hal rejissor Tofiq Tağızadəni nəhayət ki, özündən çıxarır. O, rejissor kamerasının arxasından durub Eldənizə yaxınlaşır. Yerə yıxılmış aktyorun  boğazından yapışır və özünə xas ləhcəylə “Adə, öləcəksən sən ya yox. Öl qurtar da. Bu dublda da ölməsən özüm öldürəcəm” səni deyir.



Filmdə epizodik rollardan birinə çəkilən aktyor Fazil Salayev ona 7, atlara isə 27 manat qonorar yazıldığını eşidəndə özündən çıxır. Tofiq Tağızadəyə yaxınlaşır. Həmin an rejissor bərk əsəbiymiş. Bunu bilməyən Salayev  deyir: “Tofiq müəllim, xahiş edirəm, məni filmdə at ştatına yazın. Onlar məndən çox pul alır”.



Tofiq Tağızadə onun zarafatına yarı əsəbi halda cavab verir.



“Olar. Fazil, səni güllələnən atlardan biri kimi qeyd edirəm, ilk dublda səni də öldürəcəm”.

Seçilən
188
ictimaimedia.az

1Mənbələr