Azərbaycan ədəbiyyatını öz əsərləri ilə zənginləşdirən və ədəbiyyatımızın inkişafında böyük xidmətlər göstərmiş yazıçılardan biri də nasir və dramaturq Seyfəddin Dağlı olub.
Seyfəddin Dağlı ( Seyfəddin Əliağa oğlu Abbasov) 1921-ci il avqustun 27-də də Azərbaycana Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Cabir Novruz, Zeynəb Xanlarova, Şəfiqə Eyvazova kimi söz və sənət ustalarını bəxş etmiş Xızıda anadan olub.
Seyfəddin Abbasov yaradıcılığa məktəbdə oxuyarkən şeir və satirik hekayələrlə başlayıb. Sənaye texnikumunda oxuyanda «Kommunist» qəzeti ilə əməkdaşlıq edib, bu qəzetin ədəbi işçisi, şöbə müdiri, məsul katibi olub.
Böyük Vətən müharibəsi başlayanda o, Sovet Ordusu sıralarına çağırılıb və ömrünün on beş ilini hərbi xidmətə həsr edib. «Ordu» qəzetinin ədəbi işçisi, «Diviziya» qəzetinin redaktoru olub. 1944-1946-cı illərdə sovet qoşun hissələrinin tərkibində İranda xidmət keçib.
Seyfəddin Abbasov jurnalistikaya 1938-ci ildə maraqlı felyetonları ilə gəlib. İlk kitabı “Dəniz kəşfiyyatçısı” on il sonra, 1948-ci ildə işıq üzü görüb. Onun əsərləri ilk gündən geniş oxucu kütləsinin rəğbətini qazanıb. İkinci Dünya müharibəsi dövründə felyetonları və satirik hekayələri «Vətən uğrunda» jurnalında, «Ədəbiyyat», Təbrizdə çıxan «Vətən yolunda» qəzetlərində çap olunurdu.
S.Dağlı 1952-1956-cı illərdə Lenin adına Moskva Hərbi-Siyasi Akademiyasının Redaktorluq fakültəsinin müdavimi olub. 1956-cı ildə Moskvada təhsilini başa vurandan sonra ordu sıralarından tərxis olunub və Vətənə qayıdıb. Bakıda o, jurnalist və ədəbi fəaliyyətini davam etdirib. 1956-1959-cu illərdə Dövlət Radio Komitəsinin baş redaktoru, Bakı televiziya studiyasının baş redaktoru, sədr müavini işləyib.
Seyfəddin Dağlı həmkarlarından özünəməxsus üslubu ilə seçilirdi. Onun yaradıcılığı zəngin və çoxşaxəli idi. O, bir çox hekayə, oçerk, povest, romanın müəllifi idi. «Adı sənin, dadı mənim», «Aydınlığa doğru», «Mənziliniz mübarək», «Təzə gəlin», «Kölgələr pıçıldaşır», «Bahar oğlu» romanı (Cəfər Cabbarlının həyatı haqqında), «Məşəl», «Kəcil qapısı», «Sabiqlər» adlı ədəbi şedevrlər yaratdı. Lakin çoxşahəli yaradıcılığında o, satirik-yumoristik janra üstünlük verirdi. Bu sahədə o, müasir Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri kimi tanınırdı. Onun pyesləri bir çox teatrlarda dəfələrlə səhnəyə qoyulub.
S.Dağlı həm satirik, həm də yumoristik povestlər, hekayələr ustası idi. Onun əsərləri oxucuda şüurlu və mənalı gülüş yaradır, ona görə də onların süjet xətti, quruluşu, ifadə tərzi, dilinin sadəliyi və şirinliyi ilə yadda qalırdı. Onun yaradıcılığında məhz satirik axar xüsusilə seçilir. Yazıçının tənqid və satira hədəfi müasir cəmiyyətin eybəcərlikləri idi, bütün qəhrəmanları həyatdan götürülüb. Müəllif tərəfindən yaradılmış hər bir obrazın öz bədii xüsusiyyətləri var və bir-birindən xeyli fərqlənir.
Yazıçının fəaliyyətinin ən mühüm mərhələsi “Kirpi” satirik jurnalına rəhbərlik etdiyi dövr olmuşdu. O, 1959-cu ildən 1976-cı ilədək bu jurnalın baş redaktoru kimi fəaliyyət göstərib. Jurnal zamanın tələbinə uyğun olaraq 1952-ci ildə məşhur «Molla Nəsrəddin» ənənələrinin davamçısı kimi çıxmağa başlayıb. Məhz bu jurnalda işlədiyi illərdə yazıçının istedadı özünü daha parlaq göstərib.
Seyfəddin Cəfər Cabbarlının xətrini çox istəyər, ona inanardı. Ona görə də uşaqlıqda hərdən acıq eləyəndə onlara gedərmiş. Cəfər Cabbarlı isə onu əzizləyər «Nə olub? İncidiblər səni? Gəl, qal bizdə, mənim oğlum ol» deyərmiş. Çox-çox illər ötəndən, Seyfəddin Dağlı uşaq vaxtı oyunlar oynadığı Cəfər Cabbarlının qızı Gülarə ilə ailə qurandan sonra keçmiş günləri yada salıb zarafatla deyir: «O vaxt Cəfər əmi mənə deyirdi ki, gəl qal bizdə. Yəqin elə o vaxtdan qızını mənə vermək istəyirmiş».
Seyfəddinin on üç yaşı olanda Cəfər Cabbarlı da dünyasını dəyişir. Ondan sonra Seyfəddin daha əvvəlki kimi onlara tez-tez getmir. Başı dərslərinə qarışır. Orta məktəbi bitirib, əvvəlcə texnikumda təhsil alır.
***
Günlərin birində Seyfəddin Dağlı Cəfər Cabbarlının qızı Gülarəyə elçi düşür. Bunun üçün o, Cəfər Cabbarlının həyat yoldaşı Sona xanımın direktor olduğu Teatr Muzeyinə gedib: «İstəyirəm, Gülarənin taleyini mənim taleyimlə bağlayasan», deyir. Sona xanım isə «Mən qızımı sənə verərəm», — deyir. — «Ancaq gərək əvvəlcə Gülarənin özüylə danışasan. Onun fikrini öyrənəsən, biləsən, səninlə ailə qurmağa razıdır, ya yox.»
Gülarə xanım xatirələrində deyir: O zaman mən anama dedim ki, yəqin bizim ailə qurmağımızı sən istəmisən. Anam isə dedi ki, nə danışırsan? Neçə dəfə iş yerimə gəlib, səni məndən istəyib. Sabah dərsdən sonra məktəbinizin yaxınlığındakı poçtun qabağında səni gözləyəcək. O vaxta qədər Seyfəddinin məni sevdiyini, mənimlə ailə qurmaq istədiyini bilmirdim. Bir dəfə də olsun, bu barədə danışmamışdı. Ancaq onu görəndə həmişə nədənsə uşaq kimi utanırdım. Biz onunla görüşüb söhbət etdik, mənə dedi ki, bir neçə eyibim var, deyim indidən bil. Onlardan biri xoruldamığım, o biri isə çeçələ barmaqlarımdan birinin əyri olmasıdır. Həmin gün gecə saat birin yarısı olardı. Qapımız döyüldü. Gedib açdılar. Seyfəddinin atası, əmisi, bir də dostu, «Kommunist» qəzetinin redaktoru İsrafil Nəzərov qapıda dayanmışdılar. Hamımız heyrətlənmişdik. Gecənin bu vaxtı da elçi göndərərlər? Bizim evlənməyimiz belə oldu. Hər ikimiz tələbəydik. Ona görə də 1953-cü ildə, mən universiteti bitirəndən sonra toy etdik. Üç gün sonra Moskvaya getdik».
Bir müddət sonra onların bir oğlu olur. Seyfəddin babasının xatirəsinə ehtiram olaraq uşağın adını Bəhlul qoyur. Sonra isə oğlu Altay, qızı Qəmər doğulur».
***
O, 1956-1959-cu illərdə Dövlət Radio Komitəsində baş redaktor, sonralar isə «Bakı» telestudiyasının direktoru və sədr müavini vəzifələrində işləyir. Seyfəddinin jurnalistlik fəaliyyətinin böyük bir hissəsi «Kirpi» jurnalıyla bağlı olub.
1983-cü il yanvarın 16-da qızı Qəməri doğum evinə aparırlar. Seyfəddin oğul nəvəsi olduğunu eşidib çox sevinir. Ancaq həmin ərəfədə özünün vəziyyəti yaxşı olmur. Ürək ağrıları daha da güclənir. Həmin gün yanvarın 18-i qaynı Aydın gəlib onu həkimə aparmalı imiş. Yuxudan oyanan yazıçı əl-üzünü yuyanda ürək ağrıları şiddətlənir. Həyat yoldaşı qonşuluqda yaşayan Nəriman Həsənzadəgilə qaçıb xəbər verir. «Təcili yardım» xeyli vaxtdan sonra gəlib çıxır. Lakin bu zaman artıq Seyfəddin Dağlı dünyasını dəyişir. Qızı Qəmərə isə düz bir ay atasının ölüm xəbərini demirlər.
***
O, dünyasını dəyişəndən sonra qəribə mistik hadisə baş verir. Son kitabının qonorarı üçün nəşriyyatın direktoru, rəhmətlik Əjdər Xanbabayev onun evinə zəng vurub ailə üzvlərinə deyir ki, gəlin Seyfəddinin qonorarını alın. Oğlu gedir və məlum olur ki, atası ölümündən iki gün əvvəl gedib qonorarını alıb. Amma pulları hara qoyduğu məlum deyildi. Bir axşam ailə üzvləri oturub söhbət etdikləri zaman elə bil sirli bir əl kitab rəfindəki kitablardan birini götürüb yerə atır və pullar ətrafa səpələnir. Bu, onun «Azərnəşr»dən aldığı qonorar idi.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta