AZ

Rəhbər vəzifələrdən sonra 70 yaşında peşə təhsilini seçdi - Uğur hekayəsi

Həkim ailəsində böyüdüyündən təbabətə yaxın olub, təbiətə bağlanıb. Fərdi torpaq sahəsində kiçik bağ salıb. Qəbələ torpağı da əməyinin qarşılığını verib. Bağçası gözəlləşdikcə o da həvəslənib, həyətyanı sahəsini gülüstana döndərib. Bu yaşında yeni bir məşğuliyyətə başlamaq həvəsi doğub. Deyib, bağçasının gülü var, arısı niyə olmasın?  “Çoxdan peşə təhsili almaq istəyirdim”Tanış olun. Peşə təhsili müəssisələrinin builki ən yaşlı tələbələrindən biri Sədaqət Bayramova 49 il iş təcrübəsi, 70 il həyat təcrübəsi topladıqdan sonra arıçı olmağa qərar verib. “Yaşlı” deyəndə ki, baxmayın artıq 70 yaşı olduğuna, ürəyində gənclik eşqi, başında arıçılıq sevdası ilə təqaüdə çıxan kimi üz tutub Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə: “Çoxdan peşə təhsili almaq istəyirdim. Ötən il peşə təhsili müəssisələrinə qəbul başlayanda müraciət edəcəkdim. Ancaq iş elə gətirdi ki, alınmadı. Mən də arzumu bu il reallaşdırdım”.  24 ili müxtəlif dövlət vəzifələrində olmaqla, 49 illik iş stajından sonra insan yeni bir peşəni niyə öyrənsin ki: “Məni peşə təhsilinə gətirən yeganə səbəb arılara olan həvəsimdir. Gedib kiminsə yanında öyrənməkdənsə, nəzəriyyəsi, təcrübəsi ilə birlikdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində öyrənməyə qərar verdim”.Dediyinə görə, bu sahəyə çoxdan həvəsi olsa da, gərgin iş rejimi sayəsində arzuladığı məşğuliyyəti inkişaf etdirə, hobbisində peşəkarlaşa bilməyib.  Yüksək vəzifələrdə keçən ömürSədaqət Bayramova 1954-cü ildə Qəbələ şəhərində doğulub. Şəhər 1 nömrəli tam orta məktəbində birinci sinfə gedib. Elə məktəbi də burada bitirib. Sonra yolu paytaxta qədər uzanıb. 1971-ci ildə ilk dəfə tələbə adı qazanıb, Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutuna daxil olub. Komsomol və partiya orqanlarında çalışıb, 1990-cı ildə Bakı Ali Partiya Məktəbini bitirərək politoloq ixtisası üzrə fəaliyyət imkanı qazanıb. Sosial Müdafiə Mərkəzində 10 il direktor, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 2 il çalışdıqdan sonra rayona qayıdıb: “Bakıda yaşaya bilmədim. “Azərpoçt”da, icra hakimiyyətində rəhbər vəzifələr tutdum. Qızıl Aypara Cəmiyyətinin sədri vəzifəsində çalışdım. İndi də arılarım olsun, onlara qulluq edim istəyirəm”.Arıçılıq eşqiDediyinə görə, əvvəllər arıları olub, amma düzgün qulluq olunmadığı üçün məhv olublar: “1 arı ailəsi almışdım. Onu artıraraq 7 arıya çatdırdım, amma hamısı məhv oldu”.Arıları məhv olsa da, onun həvəsi ölməyib: “Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində arıçılıq kursu açılanda ürəyimdə ölməyən arıçılıq həvəsi yenidən baş qaldırıb. İstəyirəm ki, bu işi öyrənim və həyətimdə arı saxlayım. Yaza arı almağı planlaşdırıram. Böyük təsərrüfat yaratmaq niyyətim yoxdur. Sadəcə öz həyətimdə arılarım olsun, istəyirəm. Oturub saatlarla onun çiçəyə qonmasını, çiçək üzərində işini izləyə bilərəm. Həmişə izləyir, düşünürdüm ki, kiçik həşəratın nə qədər böyük hikməti var. Bu möcüzəni yenidən bağçamda görmək istəyirəm”.“Vəzifədən ayrılıb peşə təhsili müəssisələrinə qəbul prosesinə qatıldım”Peşə mərkəzində arzuladığı təhsil və təcrübəni qazanacağına əmindir: “Fəaliyyətimlə əlaqədar olaraq Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ilə bağlantılarım olub, işimizlə bağlı tədbirlərdə olurdum, burada tədbirlər keçirirdim. Keçən il kurs açılan kimi sənədlərimi təqdim etmək istədim. Amma mənə dedilər ki, əmək fəaliyyətim davam etdiyi üçün təhsil ala bilməyəcəyəm. Vəzifədən ayrılıb təqaüdə çıxdıqdan sonra bir maneə qalmadı və mən bu il peşə təhsil müəssisələrinə qəbul prosesinə qatıldım”.İndiyədək dərs buraxmayıb: “Nəinki kursda, ümumiyyətlə, mərkəzdə hamıdan böyük mənəm. Təhsil müəssisələrində, o cümlədən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dəfələrlə tədbirlər keçirdiyimdən burada çox olmuşam. Yeni qəbul olanda özümü həmin tədbirlərdən birində iştirak edən kimi hiss edirdim, indi də özümü tələbə kimi hiss etmirəm”.  "Azərbaycan müəllimi"

Seçilən
67
tehsilforumu.az

1Mənbələr