Akif Nağı:"Harutyunyan Gəncənin vurulma əmrini kimin verdiyini bilir və bunu məhkəmənin gedişində açıqlamalıdır"
Yanvarın 17-də Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və Azərbaycan xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərə dair cinayət işi üzrə açıq məhkəmə prosesi başlayıb.
Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz "Dağlıq Qarabağ respublikası" və onun qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər - Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunur.
Araik Harutyunyan məhkəmədə bəyanatla çıxış edərək bildirib ki, 44 günlük müharibə zamanı Gəncənin raketlərlə vurulması ilə bağlı onun bəyanatı olub və buna görə təəssüflənir: “Azərbaycan xalqında belə bir fikir var ki, bu əmri mən vermişəm. Bu qərar mənim tərəfindən verilməyib. Bəli, mənim bu hadisə ilə bağlı bir bəyanatım var idi. İndi bu bəyanata görə təəssüflənirəm, üzrxahlıq edirəm. Mənim elə bir hüququm, elə bir səlahiyyətim, rəy bildirməyə də imkanım olmayıb. Bu bəyanatı vaxtilə niyə vermişəm, onu da istintaq zamanı verdiyim ifadəmdə izah etmişəm”.
Yanvarın 17-də keçirilən məhkəmədə Araik Harutyunyanın ifadəsi oldu və o dedi ki, Gəncəni vurmaq əmrini mən verməmişəm, mənim bəyanatım olub.
Bəs Gəncəni vurmaq əmrini kim verib? Araiyikin bu barədə dəqiq məlumatı ola bilərmi? O bunu məhkəmədə aça bilərmi?
"Məhkəmədə bu məsələ ilə bağlı həm Ermənistanın rəhbərliyi, eyni zamanda Ermənistanın arxasında dayanan müəyyən mərkəzlərlə bağlı yeni faktlar ortaya çıxa bilər"
Azad Vətən Partiyasının sədri Akif Nağı "Bakı-Xəbər"ə şərhində bildirdi ki, məhkəmə prosesi obyektiv gedir, fakrlar ortaya qoyulur. A.Nağının sözlərinə görə, təqsirləndirilən şəxslərin hər birindən tələb olunur ki, buyurun, dediklərinizin arxasında dayanın, faktları ortaya qoyun. "Əlavə faktlar ortaya çıxır. Burada onlar artıq bir-birinə qarşı ifadələr verəcəklər, özlərini təmizə çıxarmaq üçün bir-birini ittiham edəcəklər. Bu məhkəmədə maksimum həqiqət ortaya çıxacaq. Çünki burda iştirak edənlərin başqa yolu yoxdur, ya düzünü deməlidirlər, ya da onların üzərində olan ittihamlarla razılaşmalıdırlar. Tutaq ki, Gəncənin vurulması Araik Harutyunyunyanın üzərində ağır bir ittihamdır. Çünki o bildirirdi ki, raketlərlə Gəncənin vurulmağının əmrini mən vermişəm. Amma bu gün dediyi sözləri inkar edib bildirir ki, belə bir əmr vermək səlahiyyəti yox idi. Harutyunyan Gəncənin vurulma əmrini kimin verdiyini bilir və bunu məhkəmənin gedişində açıqlamalıdır. Bu əmrin Ermənistandan, yoxsa hansısa bir xarici dövlətdən verildiyini məhkəmədə açıb deməlidir. Müəyyən qədər məlumatı var. Deməsə, bütün ittihamlar onun üzərində qalacaq. Ona görə də, çalışacaq ki, o dövrü xatırlasın, hadisələri yada salsın, əlində sənəd varsa onu ortaya qoysun, yaxud kimdən eşitdiyini desin. Bu şəkildə də ondan Azərbaycan məhkəməsi cavab gözləyir".
A.Nağı vurğuladı ki, məhkəmə yeni başlayıb, qarşıdakı proseslərdə yeni məlumatlar ortaya çıxacaq, məhkəmə başlayandan onlar müəyyən faktlar açıqlayırlar. "Təkcə Araikin yox, digərlərinin də bu məsələ ilə bağlı məlumatları olacaq.
Gəncənin, Bərdənin, Tərtərin vurulması, bu barədə göstərişin hardan və kim tərəfindən verilməsi ortaya çıxacaq.
Böyük ehtimalla, o məsələ ilə bağlı həqiqət ortaya çıxacaq ki, Gəncənin vurulması, kütləvi qırğına səbəb olan əmri həmin məqamda kim verib. Birinci ehtimal ondan ibarətdir ki, bu əmr Ermənistan rəhbərliyi tərəfindən verilib. Tutaq ki, Paşinyan yaxasını geri çəkməyə çalışırsa, artıq bunun altından çıxa bilməyəcək. Hesab edirəm ki, birinci hədəf Paşinyan olacaq. Çünki Paşinyanla bunların arasında müəyyən qədər problemlər də var, bunlar Paşinyana qarşı qəzəblidirlər. Paşinyan onların həbsinə mane olmadı və sonradan da onların müdafiəsi ilə bağlı addım atmadı. Ona görə də, böyük ehtimalla, istər Harutyunyan, istər Vardanyan, istərsə də digərləri olsun, onların ifadələrində əsas hədəflərdən biri yəqin ki, Nikol Paşinyan olacaq. Onun üzərinə gedəcəklər, faktları ona qarşı yönəltməyə çalışacaqlar. Burda da məntiq var. Yəni həmin dövrdə Ermənistanın rəhbəri Paşinyan idi. Bu əmri Paşinyan, yoxsa Ermənistanın müdafiə naziri verib? Bu məsələ o şəkildə dərinləşəcək. Yəni müəyyən bir məqamda Paşinyan özünü qorumaq üçün ola bilər ki, başqalarını da bu prosesə cəlb etsin, adlar hallandıqca onlar da hansısa bir formada, ya şahid, ya müqəssir qismində məhkəmə prosesinə cəlb olunsunlar. Orda da Azərbaycan beynəlxalq qanunlara uyğun olaraq hərəkət edəcək. Əgər burda adlar hallanacaqsa, onların hansısa bir formada dindirilməsi, ifadələrinin alınması və müəyyən çərçivələr daxilində məsuliyyətə cəlb edilməsi üçün məsələlər qaldırılacaq. Gəncənin vurulma əmrinin bir tərəfi gedib xarici ölkələrə də çıxa bilər, çünki Ermənistan rəhbərliyi heç vaxt müstəqil şəkildə qərar qəbul etməyib. Məsələn, Ermənistana bu əmr Kremldən də gələ bilərdi. Bunu Rusiyanın davranışları da göstərir, eyni zamanda Ermənistanın əmrsiz hərəkət etmədiyi də bunu düşünməyə əsas verir. Bu məsələnin bir ucu Rusiyaya gedib çıxa bilər, burda da məntiq var. Çünki Paşinyan özbaşına böyük bir şəhərə, dinc əhaliyə qarşı raket zərbəsi endirmək barədə əmr verməyə özündə cəsarət tapa bilməzdi, bu cəsarəti kimsə ona verdi. Böyük ehtimalla, bu, Moskva tərəfindən oldu. Eyni zamanda bu əmr Parisdən də gələ bilərdi, başqa ölkələrdən də. Yəni ola bilsin, Fransa tərəfindən Ermənistanın qarşısına bu tələb qoyulub, əmr verilib ki, siz Gəncəni vurun, sizin arxanızdayıq, beynəlxalq ictimai rəyi sizin xeyrinizə dəyişdirə bilərik. Məhkəmədə bu məsələ ilə bağlı həm Ermənistanın rəhbərliyi, eyni zamanda Ermənistanın arxasında dayanan müəyyən mərkəzlərlə bağlı yeni faktlar ortaya çıxa bilər" - deyə A.Nağı vurğuladı.
İradə SARIYEVA