AZ

Azərbaycanın dövlət və ictimai xadimlərinə ermənilərin bütün sui-qəsdləri açılır...

Image

Şəmsəddin Əliyev:" Hesab edirəm ki, son 30 ildə Azərbaycanın dövlət xadimlərinə, ictimai nüfuza malik şəxslərinə qarşı törədilən bütün cinayətlər üzə çıxmalı və onu törədənlər, buna göstəriş verənlər cəzasını almalıdır" 

Ermənistanın hərbi təcavüzü nəticəsində çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb. Bu 15 nəfərin əleyhinə irəli sürülən ittihamlardan biri də 277-ci maddədir - dövlət və ictimai xadimin həyatına sui-qəsd qəsd maddəsi. 

Burda söhbət son 30 ildə kimlərdən, Azərbaycanın hansı dövlət və ictimai xadimlərindən gedə bilər?

"Mənə belə gəlir ki, bu maddə ilə aparılan araşdırma indiyə qədər sirr qalan çox mətləbləri üzə çıxaracaq" 

Tanınmış hüquqşünas Şəmsəddin Əliyev "Bakı-Xəbər"ə şərhində bildirdi ki, ümumiyyətlə, Ermənistanın hərbi təcavüzü nəticəsində çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən şəxslərin məhkəmə prosesi diqqətlə izlənilir. "Əslində, onların əksəriyyəti öz çoxsaylı cinayətlərini etiraf edir, bəzən peşmanlıqlarını da bildirirlər. Təbii, son sözü məhkəmə deyəcək. Azərbaycan məhkəmələri-Ağır Cinayətlərə dair Hərbi məhkəmə kollegiyası bu prosesi son dərəcə ehtiyatlı və ədalət mühakiməsi ilə bağlı beynəlxalq normaların tələblərinə riayət etməklə həyata keçirir. Çünki bəllidir ki, onların havadarları var. Bunlar sabah qərəzlə məhkəmənin Azərbaycanın da qoşulduğu və hamının da tanıdığı beynəlxalq konvensiyaların tələblərinə guya zidd olması ilə bağlı iddialar irəli sürə bilərlər. Ona görə də onların bəziləri deyir ki, materiallarla tanış olmamışam, 10 gün vaxt verilir, eyni zamanda müəyyən vəsadətlər verilir, onlar əsassız olduğu üçün təmin olunmur.

Bütün hallarda, bunlar haqqında məhkəmə hökmünün elan olunması, düşünürəm ki, həm də sözün həqiqi mənasında cəzanın məqsədlərini özündə ehtiva edəcək. Yəni sosial ədalət bərpa olunacaq, təbii ki, azadlıqda olan digər ermənilər üçün də xəbərdar edici bir mesaj olacaq". 

Ş.Əliyev qeyd etdi ki, ittihamlardan birinin də 277-ci maddə olması əsassız deyil və son 30 ildə Azərbaycanın dövlət və ictimai xadimləri, tanınmış şəxsləri arasında erməni terrorunun qurbanı olanlar var. O qeyd etdi ki, məhkəmənin gedişində bu məsələ daha da aydınlaşacaq. "Hələ bizim adlarını bilmədiyimiz nə qədər insanlarımız da olub ki, onlar bu şəkildə həyatlarını itiriblər. 

Bir faktı xatırlamaq istəyirəm. 

Mən də digər polis əməkdaşları kimi Birinci Qarabağ müharibəsinin iştirakçısıyam. 1992-ci il mayın 8-də Şuşa işğal olunmuşdu və  mayın 12-də 50 nəfərdən ibarət polis əməkdaşlarından ibarət dəstənin komandiri kimi mən Daxili İşlər Nazirliyinin əmri ilə Laçın-Turşsu, Qubadlı və Zəngilan bölgəsinə ezam olundum. Orda məlumat aldıq ki, Şuşanın icra hakimiyyəti başçısı kabinetində qətlə yetirilib. Doğrudan da, ciddi bir məsələdir. Həmin ərəfədə Xocalı hava limanının komendantı, milis mayoru Əlif Hacıyev də erməni cinayətinin qurbanı olub, onu şəhid ediblər. Əlif Hacıyev milis məktəbini Rusiyada bitirmişdi, sonra keçmiş "DQMV" milisində işləyirdi. Əlif Hacıyev o vaxt Azərbaycana qarşı işlər görən, nifrət hissi yaradan, nifaq toxumu səpən bir qrup erməni separatçısını ifşa etmək üçün çalışırdı. Xatırladığım qədər həmin qrup ifşa olunmuşdu.

Qondarma "DQMV-də" işləyərkən uzun müddət fəaliyyət göstərən gizli millətçi mərkəzi ifşa etməyə çalışdığı üçün erməni millətçiləri onu saxta ittihamlarla günahlandıraraq, 10 il həbs cəzasına məhkum etmişdilər. Ermənilər onun sırıqlısının cibinə saxta pul qoyaraq, əməliyyat qrupu təşkil edib öz kabinetində həbs etdirdilər. Cəzasını çəkmək üçün Rusiyanın Nijni Tagil şəhərinə göndərilmişdir. 1987-ci ildə onun işinə yenidən baxılmış, 10 il həbs cəzası 6 ilə endirilmişdi. O, 1989-cu ilin fevral ayının 20-də əfv olunaraq azadlığa çıxdı. Sonra yenidən Daxili İşlər Nazirliyinin əmrilə fəaliyyəti bərpa olundu. Xocalı aeroportunda polis heyətinə rəhbərlik edirdi. 

Təbii ki, Azərbaycan dövlətinin müstəqilliyi, suverenliyi əleyhinə çalışan, başqa qüvvələrlə birləşib xalqımıza qarşı soyqırım cinayətləri törədən bu qruplara qarşı Əlif Hacıyev çox peşəkar və prinsipial şəkildə döyüşürdü. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Əlif Hacıyev qüvvələrin bərabər olmadığı bir meydanda tək qaldı, amma döyüşdən geri çəkilmədi. Təbii ki, həmin ərəfədə o, qəhrəmancasına şəhid oldu.

1991-ci il noyabrın 20-də Qarakənd yaxınlığında vertalyotumuz vuruldu. Orda Azərbaycanın kifayət qədər tanınmış dövlət, siyasət, ictimai xadimləri həlak oldu. Həlak olanlar arasında Azərbaycan Respublikasının Dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri və jurnalist Osman Mirzəyev, Qazaxıstan Respublikası Daxili İşlər nazirinin müavini Saylau Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev var idi. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub. Bu insanların qətlində də separatçıların iştirakı danılmazdır. Bu, Ermənistanın "liderləri" tərəfindən təşkil olunmuşdu. Mənə belə gəlir ki, bu maddə ilə aparılan araşdırma indiyə qədər sirr qalan çox mətləbləri üzə çıxaracaq. Elə Qarakənd müəmmasına da aydınlıq gətirəcək. 

Bəzilərini bunlar etiraf edirlər. Hesab edirəm ki, son 30 ildə Azərbaycanın dövlət xadimlərinə, ictimai nüfuza malik şəxslərinə qarşı törədilən bütün cinayətlər üzə çıxmalı və onu törədənlər, buna göstəriş verənlər cəzasını almalıdır. Hələ bizə məlum olmayan o   qədər ictimai nüfuza malik şəxslər var ki, biz onların adını unutmuşuq. Onların hər birinin qətlində bunların qanunsuz əməlləri, iştirakı və tapşırıqları var. 

Düşünürəm ki, onlar ədalətli cəzalarını almalıdır və bu, beynəlxalq aləmə görk olmalıdır. Amma yaxşı olardı ki, eyni zamanda Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətləri ilə bağlı beynəlxalq bir məhkəmə, tribunal təşkil olunsun" - deyə Ş.Əliyev qeyd etdi.

İradə SARIYEVA





Seçilən
42
41
baki-xeber.com

10Mənbələr