“Arash Medical Company” QSC ilə bağlı cərimə protokolu imzalanıb. Sözügedən QSC ölkədən külli miqdarda pul çıxarmaqda günahlandırılır.
“Arash Medical Company” ilə bağlı işə Nəsimi rayon Məhkəməsində baxılır. 7 fevral tarixində hakim Solmaz Mustafayevanın sədrliyi ilə işə baxılacaq.
Xatırladaq ki, İXM-nin 430.4-cü maddəsinə əsasən, istənilən şirkət, sahibkar müəyyən mal almaq üçün ölkədən pul çıxarırsa, iki il ərzində həmin mal ölkəyə gətirilməlidir. İki il ərzində mal ölkəyə gəlmirsə, bu sahibkarın ölkədən pul çıxarması anlamına gəlir.
Bu maddənin qısa mahiyyəti belədir, sahibkarlar xaricə pul köçürür ki, nə isə alacaq. O pulu köçürəndən sonra iki il ərzində həmin malı ölkəyə gətirməlidir. Əgər malı ölkəyə gətirmirsə, sahibkar cərimələnir. Yəni bu halda hesab olunur ki, şirkət, sahibkar ölkədən pul, valyuta çıxarıb.
Qeyd edək ki, hazırda ölkədən külli miqdarda pul çıxarmaqda günahlandırılan və uzun illərdir Səhiyyə Nazirliyinin tibb avadanlıqları və ləvazimatlarının alınmasında “favorit” şirkət olan, ölkədəki əksər tibb mərkəzlərinin elan etdiyi tenderlərin qalibi məhz “Arash Medical Company”dir. Nazirlər dəyişsə də, sözügedən şirkətin nazirliyin tenderlərindəki qalib mövqeyi dəyişmir. Təkcə ötən il “Arash Medical Company” 30 tenderin qalibi olub.
Bildirək ki, sözügedən QS-nin təsisçisi və rəhbəri Ehtiram Fərzəlibəyovdur.
Qarşı tərəfi dinləməyə hazırıq.