Fransa çempionu PSJ-nin italyan qapıçısı Canluici Donnarumma parislilərin əsas qapıçısı mövqeyində iddiasını sürdürür.
Arena.az xəbər verir ki, italyan qapıçı heç bir rəqabətdən çəkinmir.
O, Fransa nəhəngi ilə müqavilə müddətinin uzadılmasını özü üçün üstün məqsəd hesab etdiyini də açıqlayıb:
“Çox söz-söhbət gəzir. amma mənim üstünlük verdiyim məqam – PSJ ilə yeni müqavilə imzalamaqdır”, deyə Donnarumma vurğulayıb.
Xatırladaq ki, Canluici Donnarumma 2021-ci ilin iyulundan PSJ-də çıxış edir. Qapıçı “Milan”dan sərbəst transferlə parislilərin düşərgəsinə keçib. Tərəflər arasındakı müqavilə 2026-cı ilin iyun ayının sonuna qədər nəzərdə tutulub.
Cari mövsümdə italyan qapıçı parislilərin hetyətində 20 oyuna çıxıb, 19 qol buraxıb, 6 oyunda qapısını toxunulmaz saxlayıb.
Canluici Donnarummanın PSJ-də çıxışının ümumi mənzərəsi 134 oyun, 132 buraxılmış qol və 45 “quru” oyundan ibarətdir.
Futbol uğurlarına gəlincə, Donnarumma “Milan”la İtaliya Super Kubokunun (2016/2017), PSJ ilə Fransa Liqa 1-nin (2021/2022, 2022/2023, 2023/2024), Fransa Kubokunun (2023/2024), Fransa Super Kubokunun (2022/2023, 2023/2024) qalibi olub.
Donnarumma 2016-cı ilin sentyabr ayında debüt etdiyi və hazırda kapitanı olduğu İtaliya yığma komandasının heyətində 70 oyun keçirib. O, bu oyunlarda 58 qol buraxıb, 29 oyunda qapısının toxunulmazlığını təmin edib. Donnarumma “skuadra adzurra” ilə 2021-ci ildə İngiltərədə keçirilmiş Avropa çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalı 25 yaşlı italyan qapıçının transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.