Belarusda keçirilən prezident seçkiləri zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları asayişi və ictimai təhlükəsizliyi təmin ediblər.
“İki sahil” xəbər verir ki, bu barədə BELTA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.
Hüquq-mühafizə orqanı məlumat yayıb ki, daxili işlər orqanlarının əməkdaşları və Daxili İşlər Nazirliyinin daxili qoşunlarının hərbi qulluqçuları Belarusda prezident seçkiləri zamanı ictimai təhlükəsizliyin təmin edilməsi üçün tədbirlər həyata keçiriblər. Hazırlıq mərhələsində bütün seçki məntəqələrinə baxış keçirilib, videomüşahidə və siqnalizasiya sistemləri ilə təchiz olunub.
Növbədənkənar səsvermə dövründə və əsas seçki günü xidmət gücləndirilmiş rejimdə həyata keçirilib. Bütün səviyyələrdə operativ və situasiya qərargahlarının işi genişləndirilib. Seçki məntəqələri 24 saat mühafizə olunub. Seçki komissiyalarının üzvlərinə hər cür köməklik göstərilib, onlar seçicilərin yaşadıqları yer üzrə səsverməsi zamanı, habelə bülletenlərin daşınması zamanı nəqliyyat vasitələri ilə müşayiət olunub. Asayişin qorunmasına daxili işlər orqanlarının və daxili qoşunların könüllü dəstələrinin üzvləri, veteran təşkilatlarının nümayəndələri köməklik göstəriblər.
"Ölkədə asayiş, ictimai təhlükəsizlik təmin edilir. Heç bir ciddi pozuntuya yol verilməyib, əməliyyat şəraiti polisin nəzarəti altındadır", - deyə Daxili İşlər Nazirinin birinci müavini - İctimai Təhlükəsizlik Polis İdarəsinin rəisi Yuri Nazarenko deyib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”