19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin baş məşqçisi İlqar Aslanov bu gün San Marinoya qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, U-19 millimiz bu gün Avropa çempionatının (AÇ-2025) ilkin mərhələsində ikinci oyununa çıxıb.
B qrupunda yer alan İlqar Aslanovun rəhbərlik etdiyi kollektiv meydan sahibi olan San Marino yığması ilə qarşılaşıb. Bu oyunda qalib müəyyənləşməyib – 2:2.
Oyundan sonra İlqar Aslanov Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
“Dünən Kosovo yığması ilə qarşılaşdıq və qələbə qazandıq. Ardıcıl iki gündə ikinci oyunumuza çıxdıq. Uşaqlarda həm yorğunluq, həm də birinci oyunların nəticəsinə uyğun olaraq arxayınlıq yaranmışdı. Ona görə də görüş çətin keçdi. Daha doğrusu, oyunu özümüz çətinləşdirdik. Vacib olan komandanın qarşıya qoyulan məqsədə çatmasıdır. Bu münasibətlə həm komandamızın üzvlərini, həm də futzal ailəsini təbrik edirəm. Artıq martda keçirəcəyimiz əsas mərhələnin oyunlarına hazırlaşmalıyıq”.
Xatırladaq ki, U-19 yığmamız bu qrupdakı ilk oyununu Kosovoya qarşı keçirmiş və 4:1 hesabıyla qalib gəlmişdi. Beləliklə B qrupunda keçirdiyi 2 oyundan 4 xal toplayan millimiz əsas mərhələyə vəsiqə qazanıb. Bu mərhələnin görüşləri 25-30 mart tarixlərində Xorvatiyada keçiriləcək. 7-ci qrupda yer alacaq futzalçılarımız meydan sahibi Xorvatiyadan başqa, Bosniya və Herseqovina və Türkiyədən olan həmyaşıdalrı ilə qarşılaşacaqlar. Qrup qalibi bu ilin sentyabrında Moldovanın Kişinyov şəhərində keçiriləcək AÇ-2025-in final mərhələsinə vəsiqə qazanacaq.