AZ

Uşağın anadan olmasına görə verilən müavinət ən azı 1500 AZN olmalıdır - Sosioloq

Sosioloq Mətanət Məmmədova bildirib ki, ananın doğuş üçün 500 AZN birdəfəlik müavinət alması gülünc bir məqamdır.

Azərbaycan Respublikasının vətəndaşları uşağın anadan olmasına görə bir dəfəlik 500 AZN məbləğində müavinət alır. Lakin bu günkü zamanda uşağın anadan olmasına görə verilən müavinət miqdarı çox aşağı hesab edilir. Çünki qiymətlər sürətlə artır. Həmçinin ailələr yeni doğulmuş uşağın ilkin tələblərini qarşılayarkən daha çox maddi vəsaitə ehtiyac duyurlar. Bəs uşağın anadan olmasına görə müavinət miqdarı nə qədər olmalıdır?

Məsələ ilə bağlı sosioloq Mətanət Məmmədova Operativ Media-ya açıqlama verib.

O bildirib ki, uşağın anadan olmasına görə müavinətın aşağı olması hazırda ən önəmli problemlərdən biridir: "Bu çox aktual mövzudur. Bu gün Azərbaycanda doğuş üçün qadına verilən 500 AZN-lik ödəniş çox aşağıdır. Gəlin doğuş üçün müraciət edən bir ananın dövlət xəstəxanasında baş verən prosesə nəzər salaq. Görək, bir ana 500 AZN ilə dövlət xəstəxanasında doğuşu başa çatdıra bilərmi? Xeyr, çatdıra bilməz. Hazırda dövlət xəstəxanasında bir doğuşun xərci 800-1000 manat arasındadır.

Bundan əlavə əgər ana keysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirməli olarsa, bu halda dövlət xəstəxanasında xərc artıq 1000 manatdan yuxarı olur. Özəl xəstəxanalarda isə normal doğuşların qiyməti 1000-1500 AZN arasında dəyişir, keysəriyyə əməliyyatı ilə doğuşların qiyməti isə 1500 manatdan 3000 AZN-ə qədər dəyişə bilər. Belə olan təqdirdə, bir ana 500 AZN ilə dövlət xəstəxanasında doğuşu həyata keçirə bilməz. Nəinki uşağın ilkin problemlərini həll etmək. Doğuş zamanı çox vaxt əlavə xərclər də ortaya çıxır.

Ona görə də ölkədə əmək haqqı və pensiyalar kimi bu məbləğlərə də diqqət yetirilməlidir. Bu məbləğ müzakirəyə çıxarılmalıdır. Doğuş zamanı 1000-1500 AZN civarında bir dəfəlik ödəniş edilməsi təklif edilə bilər. Uşaq pulu verilmədiyi üçün, ən azından bu məbləğ artırılmalıdır. Ana bu məbləğlə uşağın ilkin problemlərini də həll edə bilər. Buraya uşağın geyimi, ilkin həkim nəzarəti və s. daxildir.

Bu gün bildiyiniz kimi qiymətlər çox sürətlə artır. Ölkəmizdə minimum əməkhaqqı da artırıldı. Bu gün marketdə gördüyünüz qiyməti sabah görə bilmirik. Bu qiymət ən aşağısı 1-5 qəpik bahalaşır. Belə olan təqdirdə, ananın doğuş üçün 500 AZN bir dəfəlik müavinət alması həqiqətən gülünc bir məqamdır. Bu məsələ mütləq şəkildə Milli Məclisdə müzakirəyə çıxarılmalıdır. Ana olmaq çətin və pul tələb edən bir məsələdir. 9 ay ərzində həkimə, qidalanmaya nə qədər pul sərf olunur. Belə olan təqdirdə, 500 AZN o qədər kiçik bir məbləğdir ki, bu pulla heç nə etmək olmaz. Təcili şəkildə əlaqədar qurumlar və Milli Məclis bu məsələyə diqqət yetirməli və bu məbləğ indiki dövr üçün ən azı 1500 AZN olmalıdır. Yaxın gələcəkdə bu məsələ öz həllini tapacağına ümid eidirəm".

 

Seçilən
32
operativmedia.az

1Mənbələr