AZ

Prezident Qvineyanın yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB

Prezident İlham Əliyev yanvarın 27-də Qvineyanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Umar Kandenin etimadnaməsini qəbul edib.

Səfir etimadnaməsini Azərbaycanın dövlət başçısına təqdim etdi.

Prezident İlham Əliyev səfirlə söhbət etdi.

Dövlət başçısı siyasi və iqtisadi əlaqələrin uğurla inkişaf edəcəyinə ümidvarlığını bildirərək, ölkələrin bir sıra beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də, İslam Əməkdaşlıq Təşkilatında, Qoşulmama Hərəkatında fəal və uğurlu əməkdaşlıq etdiklərini dedi, bu çərçivədə qarşılıqlı dəstəyə əsaslanan əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirdi. Prezident İlham Əliyev əməkdaşlığın cəlbedici sahələrinin müəyyənləşdirilməsinin də zəruriliyini qeyd etdi.

Ölkədə Afrikadan çoxsaylı tələbələrin təhsil aldığını deyən dövlət başçısı Azərbaycanın Qoşulmama Hərəkatına və İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərdən olan tələbələr üçün təqaüd proqramları təqdim etdiyini bildirdi, qvineyalı tələbələrin də bundan yararlana biləcəklərini vurğuladı.

Prezident İlham Əliyev Azərbaycanın özünün ASAN və DOST xidmət təcrübəsini bir sıra ölkələrlə bölüşdüyünü qeyd edərək, bu sahədə Qvineya ilə də əməkdaşlıq imkanlarının olduğunu dedi.

Xoş sözlərə görə minnətdarlığını bildirən səfir, ilk növbədə, Qvineya Prezidenti Mamadi Dumbuyanın salamlarını Azərbaycanın dövlət başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Qvineya Prezidentinə çatdırmağı xahiş etdi.

Səfir Umar Kande Qvineya Prezidenti və ölkəsi adından təyyarə qəzası ilə bağlı Azərbaycan Prezidentinə və xalqına başsağlığını çatdırdı.

Seçilən
27
17
aznews.az

4Mənbələr