AZ

Özəl "zapravkalar" dövlətə külli məbləğdə ziyan vurur- qazanc necə yaranır?

Image

Sürücülər yanacağın keyfiyyətsizliyini sübut etmək üçün heç bir imkana malik deyillər

Son zamanlar cəmiyyətdə belə bir rəy formalaşıb ki, guya SOCAR özəl yanacaqdoldurma məntəqələrinə yanacağı pərakətdə satış qiymətinə satır. Guya özəl yanacaqdoldurma məntəqələrinin sahiblərı isə məcbur qalib, öz mənfəət normasını təmin etmək üçun ya yanacağı aparatlarla kəm vurur, ya da yanacağa su və digər maddələr qarışdırır. 

Təbii ki, bu belə deyil. Tarif Şurası pərakəndə satış qiymətini sabit səkildə müəyyənləşdirdiyi zaman yanacağın topdansatış qiymətinin yalnız maksimum həddini müəyyən edir. Hər bir yanacaq növünün topdansatış qiyməti pərakəndə satış qiymətindən ən azı 10% aşağı təsdiq edilir. Məsələn, dizel yanacağının pərakəndə satış qiyməti 1 manat təşkil edirsə, onun topdansatış maksimum qiyməti 90 qəpikdən cox ola bilməz. Lakin hər bir sahibkara aldığı böyük həcmə görə əlavə güzəştlər də edilir. Bununla yanaşı, yanacağın itkisinə görə də əlavə yanacaq verilir. Məsələn, hər hansı sahibkar bir dəfəyə 50 ton yanacaq alırsa, ona yanacaq pərakəndə satış qiymətindən 15% ucuz satılır. Kim 10 ton alırsa, onda qiymət fərqi 12%, 10 tondan az yanacaq alan sahibkara isə yanacaq pərakəndə satış qiymətindən 10% ucuz satılır. Əgər yanacaq benzin növlərinə aiddirsə, hər tona 1% itki hesablanır və sahibkara aldığı yanacağın 1%-i qədər artıq verilir.

Bundan əlavə, yanacağı bazadan yanacaqdoldurma məntəqəsinə sahibkar özü daşıyırsa, onun daşıma xərcləri də dövlətin ayırdıği dotasiya hesabına SOCAR tərəfindən qarşılanır.

Bütün bunlardan çıxış edərək, özəl yanacaqdoldurma məntəqələrində yanacağın kəsirlə verilməsinə və ya yanacağa yad qatqıların vurulmasına heç də bəraət qazandırmaq olmaz.

Yanacaqdoldurma məntəqəsindən kəsirlə yanacaq alan müştəri avtomobilin yanacaq çəninin göstəricisi ilə bu kəsiri sübut edə bilsə də, yanacağın aşağı keyfiyyətli, standartlara uyğun olmamasını heç cür sübut edə bilmir. Yalnız sürücülər mühərrikin iş rejiminin ritmi pozulduqda və ya muhərrik əvvəlkindən daha çox yanacaq sərf etdikdə duyurlar ki, yanacaq keyfiyyətsizdir.

Bunu isə sürücülərin kiməsə sübut etməsi mümkün deyil. İnkişaf etmiş dünya ölkələrində belə pozuntu hallarının rəsmiləşdirilməsi üçün prosidurlar mövcuddur.

Belə ki, inkişaf etmiş dünya ölkələrində istənilən mal və xidmətlərin keyfiyyətini ölçə bilən müstəqil laboratoriyalar mövcuddur. Müştərilər istənilən mal və xidmətin keyfiyyətindən şübhələndikdə dərhal həmin laboratoriyalara müraciət edirlər. Laboratoriyalar isə mal və xidmətin keyfiyyətini müəyyənləşdirərək müştəriyə rəsmi arayış verir. Məsələn, hansısa sürücü aldığı yanacaqdan şübhələnirsə, dərhal müstəqil laboratoriyalardan birinə müraciət edir. Laboratoriyada avtomobilin yanacağından nümunə götürülur və müayinədən sonra sürücüyə yanacağın keyfiyyəti barədə rəsmi təsdiqlənmiş arayış verilir. Həmin arayışda müayinə nümunəsinin götrüldüyu, müayınə nəticəsinin təqdim edildiyi tarix və yanacağın keyfiyyət göstəriciləri tam şəkildə qeyd edilir. Əgər yanacağın keyfiyyəti standartlara uyğun deyilsə, sürücü laboratoriyadan aldığı arayış, yanacağı aldığı barədə qəbz və şikayət ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Bu yolla müştəri keyfiyyətsiz yanacaq satan yanacaqdoldurma məntəqəsinin sahibindən külli miqdarda təzminat tələb edə bilir. Bu halda məhkəmə də həmin məntəqədə keyfiyyetsiz yanacaq satışını təsdiqləmək üçün müvafiq istintaq hərəkətləri edir. Əgər fakt təsdiqini tapırsa müştərinin xeyrinə qərar çıxarılır və keyfiyyətsiz yanacaq satan sahibkar aldatdığı müştəriyə külli miqdarda təzminat ödəməli olur.

Fikrimizcə, Azərbaycanda da belə bir keyfiyyətə nəzarət sisteminin qurulmasının vaxtı çoxdan çatıb. Belə bir sistemin qurulması ölkədə keyfiyyətsiz mal və xidmətlərin, o cümlədən də keyfiyyətsiz yanacaq satışının qarşısını ala bilər.

Bir məsələni də qeyd edək ki, dövlət şirkəti olaraq SOCAR özü də pərakəndə yanacaq satışı ilə məşğuldur. Maraqlıdır ki, müştərilər SOCAR-ın pərakəndə yanacaq satışından heç bir narazılıq etmirlər. Narazılıqlar yalnız özəl yanacaqdoldurma məntəqələrindən gəlir. Bu isə hökuməti vadar edə bilər ki, dövlət yanacaqdoldurma məntəqələrinin sayını artırsın. Bu həm büdcə gəlirlərinin artmasına, həm də müştərilərin daha keyfiyyətli yanacaqla təmin edilməsinə gətirib çıxara bilər. Hazırki şərait bunu tələb edir. Çunki özəl yanacaqdoldurma məntəqələrindən həm yanacağın keyfiyyəti, həm də yanaçağın kəm vurulması ilə bağlı kütləvi narazılıqlar var. Ən azı, daha yaxşı xidmət göstərən SOCAR yanacaqdoldurma məntəqələrinin sayı artırılaraq, özəllərin sayı ilə bərabərləşdirilə bilər. Bu halda həm aldadılan müştərilərin sayı azalar, həm büdcəyə daha çox vəsait cəlb edilər, həm də seçim imkanı olan müştərilər fırıldaqçı yanacaqdoldurma məntəqələrindən imtina ilə onları tənbeh edə bilər.

Onu da qeyd edək ki, bu gün fəaliyyət göstərən özəl yanacaqdoldurma məntəqələrinin 90%-i bugünkü və keçmiş oliqarxlara - dövlət məmurlarına məxsusdur. Ölkədə olan məmur özbaşınalığı bu yolla özəl sektora da sirayət edir. Dövlət SOCAR vasitəsilə daha nümunəvi xidmət göstərməklə onların bir hissəsini müflisləşdirə, bir hissəsini isə nümunəvi xidmət göstərməyə sövq edə bilər. Kim ki, düzələcək, o qalıb fəaliyyətini davam etdirəcək, kim düzəlməyəcəksə, müflisləşərək bazardan çıxacaq. Qazanan isə vətəndaş və dövlət olacaq.

Akif NƏSİRLİ





Seçilən
15
baki-xeber.com

1Mənbələr