Bakı, 28 yanvar, AZƏRTAC
Hollandiyalı rəssam Vinsent Van Qoqun qulağını kəsdikdən sonra yaratdığı iki əsəri Londonda sərgidə nümayiş etdiriləcək.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, “Arlda xəstəxana həyəti” və “Arlda xəstəxana palatası” əsərləri fevralda Kurto qalereyasında sərgilənəcək. Rəsmlər postimpressionist rəssamın müalicə olunduğu Fransanın cənubundakı Arl xəstəxanasına həsr olunmuş yeganə əl işləridir.
Əsərlər 1920-ci illərdə isveçrəli kolleksiyaçı Oskar Raynhart tərəfindən alınıb. Ölümündən sonra isə yaxın vaxtlara qədər müvəqqəti istifadəyə verilməsi qadağa olunan Sürix yaxınlığında Vintertur şəhərindəki 200 minlik kolleksiyasının bir hissəsi olub.
Raynxartın villasındakı muzey 1970-ci ildə ziyarətçilərin üzünə açılıb, hazırda isə müvəqqəti olaraq təmirə bağlanıb. Bu səbəbdən əsərlər fevralın 14-dən mayın 26-na kimi keçiriləcək “Qoyadan impressionizmə qədər: Oskar Raynxartın kolleksiyasından şedevrlər” adlı sərgidə nümayiş olunmaq üçün Kurtoya göndəriləcək.