Rusiyanın İrkutsk istintaq təcridxanasında işgəncə və zorlamanın təşkilatçıları cəza yüngülləşdirildikdən sonra sərbəst buraxılıblar.
Medianews.az musavat.com-a istinadla xəbər verir ki, İrkutsk vilayətinin məhkəməsi 2023-cü ildə Anqarskdakı 15 saylı islah koloniyasının məhbusa işgəncə verməkdə təqsirli bilinən beş əməkdaşının cəzasını yüngülləşdirib. Əvvəllər onlara 4 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası verilibsə, yanvarın 27-də məhkəmə cəzanı ümumi rejimli koloniyada çəkməklə 2 ilə endirib. Onların istintaq təcridxanasında qaldıqları vaxt nəzərə alınıb və məhkəmə zalından azadlığa buraxılıblar.
İşgəncə qurbanı 2019-cu ildə at oğurluğuna görə məhkum olunmuş Tuva sakini Kejik Ondar olub. Onun sözlərinə görə, 1 saylı istintaq təcridxanasında onu başıaşağı asıblar, döyüblər, elektrik cərəyanı ilə işgəncə veriblər və elektrik şəbəkəsinə qoşulmuş suqızdıcısı ilə zorlayıblar. Nəticədə alət Ondarın gödən bağırsağında partlayıb və o, ağır xəsarətlər alıb.
İşgəncələrdə iştirak edən 5 məhbus 10 ildən 11 ilədək həbs cəzası alıb. Lakin sonradan onlar işgəncəni təşkil edən əməliyyatçıların göstərişi ilə hərəkət etdiklərini bildiriblər. Əməliyyatçılar isə dünən azad edilib.