AZ

Vardanyan Bakı məhkəməsində vaxtı uzatmağa çox çalışır- hədəf nədir?..

Image

Akif Nağı: “İttiham edilən şəxslərdən biri olan Vardanyan hazırda beynəlxalq təşkilatlardan dəstək almaq üçün özünü oda-közə vurur ki, bəlkə bu yolla özünü xilas edə bildi”

Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilən Ruben Vardanyanın məhkəmə prosesinin hazırlıq iclası yanvarın 27-də davam etdirilib.

Hazırlıq iclasında Ruben Vardanyanın və onun vəkilinin vəsatətlərinə baxılıb.

Təqsirləndirilən şəxs vəsatətlərini sadalayarkən cinayət işinin materialları ilə ətraflı tanış ola bilmədiyini və müdafiəsinə səmərəli hazırlaşmaq üçün əlavə 30 iş günü vaxt verilməsini məhkəmədən xahiş edib. O, “Özümü hüquqi baxımdan müdafiə etməyə hazır olmaq istəyirəm” deyib.

R.Vardanyanın vəkili Avraam Berman iş materialları ilə tanış olmaq üçün yenidən əlavə vaxt verilməsini, habelə təqsirləndirilən şəxsin öz müdafiəsini səmərəli təşkil etməsi üçün hüquq ədəbiyyatlarına çıxış imkanı yaradılmasını xahiş edib. Bundan sonra ittiham tərəfi vəsatətlərə münasibət bildirib. Dövlət ittihamını müdafiə edən prokuror prosessual qənaət prinsipindən çıxış edərək, təqsirləndirilən şəxsə bugünə qədər iş materialları ilə tanış olmaq üçün kifayət qədər vaxt verildiyini, o cümlədən ötən prosesdə təqsirləndirilən şəxsin vəsatəti əsasında istintaq materialları ilə tanış olmaq üçün əlavə 10 gün vaxt verildiyini xatırladıb və məhkəmə hazırlıq iclasının müddətinin lüzumsuz uzadılmasına qarşı çıxıb.

R.Vardanyan əvvəlki məhkəmədə 10 gün vaxt istəmişdi və vəsatəti təmin olunmuşdu, bu dəfə isə  30 iş günü vaxt istəyib, amma istəyi rədd edilib. 

Vardanyanın nə planı, nə məqsədi ola bilər ki, vaxtı uzatmaq istəyir? Niyə hər dəfə vaxtı uzadır, nəyə ümid edir?

“Ona görə çox vaxt qazanmaq istəyir ki, bəlkə beynəlxalq ictimai rəyi öz tərəfinə yönəldə bildi, özünə yeni müdafiəçilər tapdı”

Azad Vətən Partiyasının sədri Akif Nağı “Bakı-Xəbər”ə şərhində bildirdi ki, R.Vardanyan saxlanılandan indiyə kimi dəfələrlə prosesdən yayınmaq üçün cəhdlər edib, onun Ermənistandakı və xaridəki havadarları bütün vasitələrdən istifadə edərək Vardanyanın məhkəmə qarşısına çıxmasını əngəlləməyə çalışıblar, amma buna nail ola bilməyiblər. Vardanyanın məhkəmədən əlavə vaxt istəməsinin arxasında mütləq mənada məkrli planların durduğunu deyən A.Nağı hesab edir ki, onun məqsədi beynəlxalq aləmin diqqətini cəlb etməkdir.   “Bu məhkəmə prosesi diqqət mərkəzində olan hadisələrdən ola bilmədi. Ermənilər və onların havadarları nə qədər çalışsalar da, beynəlxalq ictimaiyyətin diqqətini bu məhkəməyə yönəldə bilmirlər. Çox cəhdlər edirlər, müxtəlif məsələləri qaldırırlar, müxtəlif qurumları, şəxsləri bu prosesə dəvət etmək istəyirlər. Amma hələ ki, heç nəyə nail ola bilmirlər. 

Məhkəmə prosesi başlayıb, hazırlıq iclasları gedir, proses gedir, amma beynəlxalq aləmdən ermənilərin arzuladığı ajiotaj və dəstək yoxdur. Tək-tək ordan-burdan müəyyən səslər gəlir, müəyyən fikirlər səsləndirilir. Amma  təqsirləndirilən şəxsləri vaxtilə dəstəkləyən dövlətlərin, onların başçılarının, beynəlxalq təşkilatların səsi gəlmir, onlar Ruben Vardanyana hər hansı formadasa dəstək hiss etdirmirlər. Məhkəmənin gedişində ermənilər çalışırlar ki, mümkün qədər bu məsələni siyasiləşdirsinlər. Onlar real bir məhkəmə prosesinin getməsində maraqlı deyillər. Vəkillərdən də, başqa məsələdən də görürsüz ki, Azərbaycan burda da tam obyektiv mövqe tutub, onların erməni əsilli vəkillərlə təmin olunmasına şərait yaradıb. Belə görünür ki, vəkillərinin kifayət qədər beynəlxalq təcrübəsi var, onlar hər xırda detaldan da öz maraqları, məqsədləri üçün istifadə etməyə çalışırlar. Bu gün Vardanyan və onun vəkili müəyyən vəsatətlər qaldırırlar, bu vəsatətlərin təmin olunmasını istəyirlər. Burada bir neçə məqsəd ola bilər. Vardanyan “işlə ətraflı şəkildə tanış olmaq istəyirəm” deməklə əlavə vaxt qazanmaq istəyir.  Guya işlə tanış olmaq istəyini bəhanə gətirir. Əlavə vaxt istəyir ki, guya materiallarla tanış olmayıb, materiallarla tanış olsun. Amma vəsatətlərinin heç biri təmin olunmayıb, rədd olunub. Ona görə çox vaxt qazanmaq istəyir ki, bəlkə beynəlxalq ictimai rəyi öz tərəfinə yönəldə bildi, özünə yeni müdafiəçilər tapdı”. 

Vardanyanın və digər ittiham olunan şəxslərin beynəlxalq aləmdən başqa ümid yeri yoxdur. A.Nağının qeyd etdiyinə görə, onların əllərində də özlərini müafiə etməyə elə sübut, elə fakt yoxdur ki, məhkəmənin qarşısına qoysunlar. “Onların elə bir şansı yoxdur ki, nəsə əlavə fakt çıxarsınlar, şahid gətirsinlər, öz cinayətlərinə don geydirməyə çalışsınlar. İndi istəyirlər ki, vaxt qazanıb əllərində müyyən faktlar cəmləşdirsinlər. Bu mənada ki, guya prosedur qaydalarında pozuntular olub və sair. Əslində isə məhkəmə tam şəffaf, beynəlxalq hüquq qaydalarına uyğun şəkildə keçirilir. 

İndi istəyirlər ki, işlə bir daha tanış olub özləri üçün qeydlər aparsınlar və onu bizə qarşı istifadə etməyə çalışsınlar. Çox güman, onlar məhkəmədən sonrakı proses üçün zəmin hazırlamaq istəyirlər. Ehtimal edirəm ki, Vardanyan beynəlxalq məhkəməyə də müraciət etməyi ağlından keçirir, planlaşdırır. Yəni Azərbaycanda məhkəmə guya prosedur qaydaların “pozulması” ilə gedir (?). 

Məsələ bundan ibarətdir. Onlar bu prosesi sonradan da davam etdirmək, Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etmək istəyirlər. Üçüncü bir məsələ də var. Belə görünür, Ermənistanda və ondan kənarda bəzi mərkəzlər təqsirləndirilən şəxslərin azad olunmasından daha çox, onlardan öz siyasi məqsədləri üçün istifadə etmək niyyətindədirlər. Yəni onların həbsdə qalıb-qalmadığı onlar üçün vacib deyil, əhəmiyyətli deyil, məqsəd Azərbaycana qarşı hansısa bir kampaniya başlatmaqdı. Məqsədləri Azərbaycanı "ifşa", “ittiham” etməkdir. Yəni Vardanyan da, onun vəkili də, Ermənistandakı və xaricdəki bəzi mərkəzlər də çalışır ki, beynəlxalq aləmdə bizimlə bağlı mənfi fikir yaratsınlar, bu səbəbdən də məhkəməni uzatmaq istəyirlər. Yəqin hər məhkəmədə absurd vəsatətlər qaldıracaqlar. Həm Ermənistan rəhbərliyi, həm Fransa ittiham olunan şəxslərdən istifadə etməyə çalışa bilər. Nəzərə alsaq ki, bəzi ölkələr və bəzi beynəlxalq qurumlar bu məhkəmə prosesinə qazanc yeri kimi də baxa bilər, həm pul qazanmaq, həm də çirkin siyasi planlarını həyata keçirmək planları istisna deyil. İttiham edilən şəxslərdən biri olan Vardanyan hazırda beynəlxalq təşkilatlardan dəstək almaq üçün özünü oda-közə vurur ki, bəlkə bu yolla özünü xilas edə bildi. Amma dediyim kimi, məhkəmə çox obyektiv keçirilir və burda hansısa pozuntudan danışmaq mümkün deyil. Vardanyana da, o biri ittiham edilən şəxslərə də kifayət qədər humanist davranılır”-deyə A.Nağı qeyd etdi.

İradə SARIYEVA





Seçilən
84
50
baki-xeber.com

10Mənbələr