Xaçmaz, 29 yanvar, Elxan Yusifli, AZƏRTAC
Bələdiyyə seçkiləri şimal bölgəsində altı rayonu əhatə edən 7 seçki dairəsi üzrə təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarını əhatə edən dairələr üzrə ümumilikdə 429 məntəqədə səsvermə keçirilir. Seçicilər 54 bələdiyyə üzrə namizədliyi qeydə alınan 1312 namizəd arasında seçim edirlər.
Şimal bölgəsi üzrə səsvermə hüququ olan 350 minə yaxın seçici qeydiyyata alınıb.
Bölgənin ən yaşlı seçicisi Şabran rayonunun Ağbaş kəndində yaşayan 104 yaşlı Meynas Maqsudovadır.
57 saylı Xaçmaz şəhər seçki dairəsi dairə seçki komissiyasının sədri Bəhram Ömərov bildirib ki, seçkilər bütün məntəqələrdə nəzərdə tutulan vaxtda və qaydalara uyğun başlayıb.
“Səsvermə başlayandan bütün məntəqələrlə əlaqə yaradılıb. Hər şey qaydasındadır. Bizim dairə üzrə 46 məntəqə fəaliyyət göstərir. Bu məntəqələrdə 45 min 942 seçici səs vermək hüququna malikdir. 46 məntəqədə 600-ə yaxın müşahidəçi prosesi izləyir. 12 məntəqəmizdə veb-kamera var. İstənilən şəxs seçkinin gedişatını onlayn izləyə bilər”, - deyə Bəhram Ömərov söyləyib.
Şimal bölgəsində olan 55 saylı Siyəzən-Quba-Xızı, 56 saylı Şabran-Xaçmaz, 57 saylı Xaçmaz şəhər, 58 saylı Xaçmaz kənd, 59 saylı Quba, 60 saylı Quba-Qusar və 61 saylı Qusar seçki dairələrinin hər biri üzrə seçici fəallığı müşahidə olunur.
Bələdiyyə seçkiləri Azərbaycan üzrə 685 bələdiyyəyə 8071 üzv seçilməlidir. Adları bülletenlərə salınan namizədlərin sayı isə 16 mindən artıqdır.
Qeyd edək ki, ölkə üzrə 08:00-da başlayan səsvermə prosesi saat 19:00-da başa çatacaq. Səsvermə 118 seçki dairəsinin 5846 seçki məntəqəsində keçirilir. 16 min 92 namizədin mübarizə apardığı səsvermədə 685 bələdiyyəyə 8 min 71 üzv seçiləcək. Səsvermə hüququ olan seçicilərin sayı 5 milyon 961 min 987 nəfərdir. Seçkiləri izləmək üçün 70 min 625 yerli müşahidəçi qeydiyyatdan keçib.
Səsvermənin şəffaflığını təmin etmək üçün 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Veb-kameralar quraşdırılmış seçki məntəqələrinin siyahısı media subyektlərində dərc olunub və MSK-nın internet səhifəsində yerləşdirilib.
Azərbaycanda mövcud olan 125 dairədən 7-si işğaldan azad edilmiş ərazilərdə yerləşdiyi üçün bu proseslərdə iştirak etmir. Ümumilikdə həmin dairələrdən başqa digər 4 dairədə də keçmiş məcburi köçkün vətəndaşlar var.