“Enerji idxalını da əlavə etdikdə, ticarət həcmimiz 7 milyard dollar civarındadır. Biz nəqliyyat və enerji sahələrində də potensialımızı inkişaf etdirməliyik. Bakı-Tbilisi-Qars dəmir yolu xətti bunun ən konkret nümunələrindəndir”.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Ankarada Türkiyə, Azərbaycan və Özbəkistan arasında II üçtərəfli görüşdə Türkiyə Ticarət Palataları və Birjaları Birliyinin (TOBB) prezidenti Rifat Hisarcıklıoğlu Azərbaycan-Türkiyə iqtisadi əlaqələri ilə bağlı çıxışında bildirib.
O qeyd edib ki, bu xəttdən daha yüksək məhsuldarlıq əldə etmək üçün təmir işləri təcili başa çatdırılmalıdır: “Eynilə Qars-Naxçıvan dəmir yolu layihəsi üzrə işlər də tez bir zamanda tamamlanmalıdır. Mən ötən ilin dekabrın 26-da Bakıya səfərim zamanı cənab nazirə təklif etdim ki, Zəngəzur dəhlizi ilə bağlı iclas keçirək”.
O, TOBB olaraq Azərbaycan və Özbəkistanla ticari sərmayələr üçün lazımi məsuliyyəti öz üzərlərinə götürməyə hazır olduqlarını vurğulayıb. Əlavə edib ki, TANAP-ın tutumunun artırılması və Türkmənistan təbii qazının Xəzər dənizi vasitəsilə Türkiyə və Avropaya nəqli, Transxəzər keçidlərindən daha səmərəli istifadə edilməsi prioritetlər arasındadır: “Xəzərdə daha çox “Ro-Ro” tipli gəminin olması çox vacibdir. Təəssüf ki, zəif işləyən logistika şəbəkəsi bizi geri salır. Bu gün bir TIR-ın Özbəkistana daşınmahaqqı orta hesabla 8 min dollardır. Biz bu qədər yüksək xərclərlə ticarəti artıra bilmərik”.