Gürcüstanın baş naziri İrakli Kobaxidze AŞPA-nın Gürcüstanda parlament seçkilərinin yenidən keçirilməsini nəzərdə tutan fərmanı qəbul etməsinə münasibət bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bu barədə “İmedi TV” telekanalında iştirak etdiyi proqramda bildirib.
Kobaxidze qeyd edib ki, onlar artıq Gürcüstan parlamenti nümayəndə heyətinin AŞPA-da işləməsini məqsədəuyğun hesab etmirlər və bu səbəbdən də nümayəndə heyətinin fəaliyyətini dayandırmaq qərarına gəliblər.
Kobaxidze deyib: "Təbii ki, belə bir vəziyyətdə bizim nümayəndə heyətimiz artıq Avropa Şurası Parlament Assambleyasında işini davam etdirmək niyyətində deyil və fəaliyyətini dayandırır. Bu nümayəndə heyəti Gürcüstan parlamenti tərəfindən geri çağırılacaq".
AŞPA öz ölkəsinə münasibətini dəyişmədikcə sözügedən qərarın qüvvədə olacağını qeyd edən Kobaxidze Gürcüstanın AŞPA üzvlüyünün davam edəcəyini bildirib.