Bakı, TurkicWorld
Yaponiyanın ən böyük şəhərlərindən biri olan Osaka 2025-ci ildə Ümumdünya Sərgisinə ev sahibliyi etməyə hazırlaşarkən bütün şəhər boyu ictimai yerlərdə siqaret çəkməyi qadağan edib.
TurkicWorld xəbər verir ki, yanvarın 27-dən qüvvəyə minən qadağaya əsasən, yollarda, parklarda, meydanlarda və digər ictimai yerlərdə siqaret çəkmək və elektron siqaretdən istifadə qadağan edilib. Qaydalara əməl etməyənlər 1000 yen (təxminən 6 dollar) məbləğində cərimələnəcəklər.
Osaka Bələdiyyəsinin bəyanatında deyilir: "Şəhər boyu tüstüdən azad əraziləri genişləndirməklə biz təhlükəsizliyi, təmizliyi artırmağı və Osakanın beynəlxalq turizm məkanı kimi imicini gücləndirməyi hədəfləyirik". Bildirilib ki, bu təşəbbüs təkcə şəhərin estetikasını gözəlləşdirmək deyil, həm də sakinlər və qonaqlar üçün təhlükəsiz və rahat yaşayış mühitini təmin etmək məqsədi daşıyır.
Qeyd edək ki, 13 aprel - 13 oktyabr tarixlərində keçiriləcək Expo 2025 sərgisində 158 ölkə və regiondan nümayəndənin iştirakı ilə müxtəlif təqdimatlar, müzakirələr və sərgilər keçiriləcək.