Bu il yanvarın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 53 milyard 001,4 milyon manat təşkil edib.
"İki sahil” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 7,8 % çoxdur.
Bankların aktivlərinin 25 milyard 925,2 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 18,7 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 44,4 %-dən 48,9 %-ə qalxıb.
Hesabat dövründə bank sektorunun öhdəlikləri 7,6 % artaraq 46 milyard 383 milyon manata, o cümlədən depozit portfeli 9,1 % artaraq 37 milyard 696,6 milyon manata çatıb. Bunun 14 milyard 299,1 milyon manatı fiziki, 23 milyard 397,5 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 13,6 %, şirkətlərin banklardakı vəsaitləri isə 6,5 % artıb.
Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 100 % azalıb.
Sektorun balans kapitalı isə 9,2 % artaraq 6 milyard 618,4 milyon manat təşkil edib.