Prezident Donald Trampın “sərhəd çarı” bazar günü deyib ki, administrasiyanın hazırkı prioriteti ölkə təhlükəsizliyinə təhdid yaratdığı hesab edilən sənədsiz immiqrantları deportasiya etməkdir. Amma o ümumilikdə qeyri-qanuni immiqrasiyaya yol verilməyəcəyini də vurğulayıb.
Tramp administrasiyası ötən həftə Birləşmiş Ştatlarda qanunsuz olan və cinayət keçmişi olan yüzlərlə immiqrantı deportasiya etməyə başlayıb.
Sərhəd çarı Tom Homan bazar günü ABC-nin "This Week" verilişində verdiyi müsahibədə, cinayət keçmişi olmayan sənədsiz miqrantların deportasiyasının da istisna edilmədiyini deyib.
“Hazırda bu, ictimai təhlükəsizliyə, milli təhlükəsizlik təhdidlərinə qarşı mübarizə aparmaqdır. Bu, daha kiçik bir əhalidir. Biz bunu, Prezident Trampın da söz verdiyi kimi, prioritet əsasında edəcəyik. Amma daha çox məlumat aldıqca, ölkə boyu daha çox həbslər olacaq,” sərhəd çarı Tom Homan deyib.
Çərşənbə axşamı İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) və Gömrük və Sərhəd Mühafizəsi (CBP) xidmətlərinin agentlərinin kilsələr, məktəblər və xəstəxanalar kimi həssas yerlərdə qanunsuz immiqrantları saxlanmalarının qarşısını alan məhdudiyyətlər aradan qaldırılıb. Homan bildirib ki, bu cür həbslər ayrı-ayrılıqda fərdi olaraq qiymətləndirilərək həyata keçiriləcək.
“ICE zabitləri bu təsislərdən birində milli təhlükəsizliyə və ya ictimai təhlükəsizliyə təhdidinin olub-olmamasına qərar vermək səlahiyyətinə malik olmalıdırlar, daha sonra isə həbsi icra edib-etmək də onların seçimi olmalıdır,” o deyib.
Tramp administrasiyasının immiqrasiya ilə bağlı xəbərdarlıqları və yanaşması Demokrat senator Elissa Slotkin tərəfindən tənqid olunub.
“Düşünürəm ki, bu, ölkəyə daxil olmağa çalışan insanların sərhədə gəlmələrinin qarşısını almaq cəhdidir. Və bu onların kampaniya aparmaqla, ölkəni idarə etmək arasındakı keçidlərinin bir hissəsidir,”o deyib.
Prezident Donald Tramp ABŞ ordusuna sərhəd təhlükəsizliyinə yardım etmək tapşırığı verib. Senator Slotkin qeyd edib ki, ABŞ-ın hərbi təyyarələri artıq deportasiyalar üçün istifadə olunur, amma ordunun rolu Konstitusiyaya uyğun qalmalıdır.
“Konstitusiyamıza əsasən, ordu dəstək, logistika, sürücülük, obyektlərin hazırlanması, sərhəd təsislərinin hazırlanması baxımından yardım edə bilər. Amma, hüquq-mühafizə roluna girmək fərqlidir,” Senator Elissa Slotkin deyib.
Ötən həftə Meksika ilə sərhədə təxminən 1500 əsgər yerləşdirilib və növbəti günlərdə onların sayı arta bilər. Homan bazar günü deyib ki, qoşunların oradakı mövcudluğu “dünyaya bizim sərhədimizin bağlı olduğuna dair güclü mesaj göndərir.”
visiontv.az