AZ

İİTKM: BTQ qitələrarası daşımalara böyük imkanlar yaradır

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti qitələrarası daşımalar üçün böyük imkanlar yaradır.

"Bunu "Report"a açıqlamasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Strateji planlaşdırma şöbəsinin müdiri Aqil Əsədov bildirib.

Onun sözlərinə görə, nəqliyyat bütün dövrlərdə iqtisadi tərəqqidə lokomotiv olub: "Bu sahə resursların bölüşdürülməsinin, xammal potensialının dövriyyəyə cəlb edilməsinin, hazır məhsulların istehlakçılara çatdırılmasının başlıca vasitəsi kimi çıxış edir. Buna görə də gündəlik həyatımızı nəqliyyatsız təsəvvür etmək qeyri-mümkündür. Prezident İlham Əliyevin sədrliyi ilə nəqliyyat məsələlərinə həsr olunmuş müşavirənin keçirilməsi bunu bir daha təsdiq edir".

Şöbə müdiri deyib ki, “Əsrin müqaviləsi”ndən bünövrə alan ümumi iqtisadi tərəqqi 1998-ci ildə “Böyük İpək yolu”nun bərpasına dair Bakı konfransı” ilə nəqliyyat sektorunun inkişafını daha da sürətləndirib: "Azərbaycanda nəqliyyat infrastrukturlarının yenidən qurulması, nəqliyyat parkının müasirləşdirilməsi istiqamətində ardıcıl proqram və layihələrin həyata keçirilməsinə paralel olaraq, beynəlxalq layihələrdə aktiv iştirak da diqqət mərkəzində saxlanılıb. TRACECA proqramı çərçivəsində həyata keçirilən işlər 2003-cü ildən etibarən daha sistemli və konkret istiqamətləri əhatə etməklə davam etdirilib. Dövlət başçısının rəhbərliyi ilə “Azərbaycanda avtomobil yolları şəbəkəsinin yeniləşməsinə və inkişafına dair 2006-2015-ci illər üzrə Dövlət Proqramı”, “Nəqliyyat sisteminin inkişafına dair (2006-2015-ci illər) Dövlət Proqramı”, “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı”, “Avtomobil yolları şəbəkəsinin yeniləşdirilməsi və inkişafına dair Dövlət Proqramı (2006-2015-ci illər)”, “Dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı” və s. müxtəlif istiqamətləri əhatə edən çoxsaylı proqramlar uğurla həyata keçirilib".

Aqil Əsədov vurğulayıb ki, regionda reallaşan hər bir nəqliyyat layihəsində əsas aparıcı dövlət olan Azərbaycan beynəlxalq əhəmiyyətli dəmir yollarının tikintisi və yenidən qurulmasına da böyük əhəmiyyət verir: "Bunun bariz nümunəsi olan və dünyanın ən iri 100 layihəsindən biri sayılan BTQ-nin tikintisi Prezident İlham Əliyevin birbaşa rəhbərliyi ilə həyata keçirilib. Bu dəmir yolu xətti Asiya ilə Avropa arasında ən qısa və rahat yol olub yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox azaltmağa imkan verir, Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın da Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır. BTQ Çinin elan etdiyi, Azərbaycan daxil olmaqla, bir sıra ölkələrin dəstəklədiyi “Bir kəmər, bir yol” iqtisadi inkişaf strategiyasının tərkib hissəsinə çevrilib. Bu dəmir yolu xəttini İpək Yolu iqtisadi kəmərinin tərkib hissəsi kimi nəzərdən keçirsək, onun başlıca vəzifəsi Çindən və Cənub-Şərqi Asiyanın digər ölkələrindən Avropaya yüklərin daşınmasıdır. Bu dəmir yolu qitələrarası daşımalar üçün böyük imkanlar yaradır".

Şöbə müdirinin fikrincə, "Şərq-Qərb" və "Şimal-Cənub" dəhlizlərinin kəsişməsində yerləşən, 4 hektara yaxın ərazidə tikilməkdə olan Ələt terminalı Azərbaycanın nəqliyyat-tranzit və logistika imkanlarını daha da artıracaq: "Ölkəmizin regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsi siyasətinin tərkib hissəsi olan yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi (Ələt) ölkənin tranzit imkanlarının genişləndirilməsində həlledici və mühüm rola malikdir. Dəniz limanı, eyni zamanda Azərbaycanın əsas dəmiryolu və magistral şəbəkələrinin birləşdiyi mərkəz kimi terminalın məqsədlərinin yerinə yetirilməsinə kömək edərək regional və qlobal təchizat zəncirlərində mühüm rol oynayır".

A.Əsədov qeyd edib ki, beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan regionun aparıcı dövlətidir və regionda onun razılığı olmadan hər hansı beynəlxalq layihənin uğurla reallaşdırılması qeyri-mümkündür: "Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə dövlət başçısının “Bu gün Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız, onun nəqliyyat infrastrukturu olmadan təsəvvür etmək mümkün deyil” fikirləri də qeyd edilənləri bir daha təsdiqləyir. Hələ uzun illər öncədən Azərbaycanda nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində qəbul edilmiş davamlı və sistemli qərarlar nəticəsində bu gün ölkəmiz istənilən növ daşınmanı həyata keçirməyə, qəbul etməyə, saxlamağa və yola salmağa qadirdir".

Onun sözlərinə görə, "Şərq-Qərb" nəqliyyat dəhlizinin tərkib hissəsi olan Orta dəhliz bu gün bir dəyər zəncirinə çevrilməklə yanaşı, Türk Dövlətləri Təşkilatının (TDT) əsas əlaqələndiricisi kimi çıxış edir: "Şimal dəhlizinə əsas alternativ olan Orta dəhlizlə Çindən Avropaya 12 gün ərzində 10 min deyil, 7 min kilometr məsafə qət etməklə daşınmalar mümkündür. Çin-Qazaxıstan sərhədindən başlayan Orta dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək Asiyanı Avropa ilə birləşdirən marşrutdur. Regionda yaranmış münbit geosiyasi şəraitdə, Avropa və Asiya arasında ən qısa və rahat marşrut olan Orta dəhlizə maraq daha da artıb. 29 yanvar 2025-ci il tarixində imzalanmış “Ankara bəyannaməsi” də qeyd edilənləri bir daha təsdiq edir. “Ankara Bəyannaməsi”ndə iqtisadiyyat, ticarət, investisiya, logistika, infrastruktur, rəqəmsallaşdırma, ətraf mühit və iqlim dəyişikliyi daxil olmaqla müxtəlif istiqamətlərdə əməkdaşlıq nəzərdə tutulmaqla yanaşı, “Orta Dəhlizin səmərəliliyinin və rəqabət qabiliyyətinin artırılmasına çağırış” Bəyannamənin əsas bəndlərindən biridir. İstər dövlət başçısının rəhbərliyi ilə nəqliyyat məsələlərinə həsr olunmuş müşavirənin keçirilməsi, istər “Ankara bəyannaməsi”, istərsə də Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının fəaliyyəti, Dövlət Gömrük Komitəsinin Orta Dəhliz boyunca, tranzit daşınmaları rəqəmsallaşdırması, ümumi tranzit portalı yaratması, Gürcüstan, Azərbaycan, Türkiyə və Qazaxıstan arasında birgə “Avrasiya Dəmiryol Alyansı”nın yaradılması, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) yaradılması nəqliyyat sektorunun daimi diqqət mərkəzində olduğunu və yaxın gələcəkdə nəqliyyat tranzit xidmətlərinin büdcənin əsas gəlir mənbələrindən birinə çevriləcəyinə əsas yaradır".

O, vurğulayıb ki, “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” ölkə Prezidentinin 23 noyabr 2023-cü il tarixli sərəncamının 3-cü bəndinə əsasən, Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsini Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) sifarişi əsasında İİTKM həyata keçirir: "Eyni zamanda, RİNN-nin rəhbərliyi və icraçı qurumların iştirakı ilə qarşıya qoyulmuş vəzifələrin vaxtında və daha keyfiyyətli icrası üçün mütəmadi müzakirələr aparılır. Bütün bunlar nəqliyyat-logistika sahəsində dövlət proqram idarəetməsi və kompleks yanaşmanın bariz nümunəsi kimi nəqliyyat sektorunun perspektivlərini daha da zənginləşdirir".

Seçilən
41
50
report.az

10Mənbələr