“Seçkilərə kifayət qədər böyük diqqət və maraq idi”.
Bu sözləri Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, deputat Arzuxan Əlizadə “Cebheinfo.az”-a açıqlamasında deyib. O bildirib ki, bələdiyyə seçkiləri çox əhəmiyyətlidir:
“Xüsusi olaraq vurğulamaq lazımdır ki, ötən il 7 fevralda prezident seçkiləri, 1 sentyabrda isə parlament seçkiləri keçirdik. Həmin seçkilər ilk dəfə olaraq Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunduqdan sonra keçirildi. Budəfəki bələdiyyə seçkiləri də suverenliyimiz təmin olunduqdan sonra keçirilən ilk seçkilər kimi dəyərləndirilməlidir”. Partiya sədri qeyd edib ki, lider namizədlər sırasında AMİP-in namizədləri də var:
"Müşahidəçilərimizin verdiyi məlumatlara əsasən, seçkilərə hər hansısa kənar müdaxilə olmayıb. Yəni seçkilər uğurlu və şəffaf keçdi. Hansı partiyanın üzvü və ya bitərəf olmasından asılı olmayaraq, bələdiyyə üzvü seçilən şəxsləri təbrik edirik. Ümid edirəm və əminəm ki, yeni formalaşacaq bələdiyyələr dövlət və xalqa faydalı xidmət edəcək”. Onların insanlarımızın problemlərini və istəklərini uğurlu səviyyədə həll edəcəklərinə inanırıq”.