AZ

Sabiq deputat Hüseyn Abdullayevin cinayət işi üzrə məhkəmə keçirilib

Həbsdə olan sabiq deputat Hüseyn Abdullayevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yeniləndiyi bildirilib.

Qeyd olunub ki, təqsirləndirilən şəxs və ailəsi tərəfindən Prezident İlham Əliyevə və Baş Prokurorluğa müraciət ünvanlanıb, müraciətin bir nüsxəsi məhkəməyə daxil olub. Müraciətlə bağlı məhkəmə istintaqı yenilənib. Bu səbəbdən dövlət ittihamçısı təqsirləndirilən şəxsə ittiham aktını yenidən xatırladıb, H. Abdullayevə ifadə vermək təklif olunub.

H. Abdullayev bildirib ki, özünü təqsirli bilmir.

Daha sonra məhkəmə istintaqının yekunlaşdığı elan olunub. Dövlət ittihamçısı çıxış edib. Prokuror Hüseyn Abdullayevin 3 il müvafiq vəzifə tutmaq hüququndan məhrum olunmaqla, 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Təqsirləndirilən şəxsin vəkilləri çıxış üçün vaxt istəyib.

İclas fevralın 13-dək təxirə salınıb.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, Abdullayev Hüseyn Abbas oğlu və qeyriləri tərəfindən bir sıra Avropa ölkələrində külli miqdarda pul vəsaitlərinin leqallaşdırılmasına dair xarici ölkələrin aidiyyəti orqanlarından daxil olmuş müraciətlər əsasında Baş Prokurorluğun aidiyyəti idarəsində araşdırmalar aparılmış və daxil olmuş materiallar İstintaq idarəsinə təqdim edilməklə istintaq yolu ilə araşdırılıb.

Seçilən
34
aznews.az

1Mənbələr